Dərs ilinin uzadılması ciddi narazılıq yaradıb

Məktəbdə proqram bitib, amma şagirdlər “oxuyurlar”
 
Dərs ilinin iyunun 14-dək uzadılmasına görə etirazlar səngimir. Təhsil müddətinin uzadılmasına həm valideynlər, həm də ekspertlər narazılıq edir, bununla bağlı sosial şəbəkələrdə ciddi müzakirələr aparılır.
 
Maide.Az musavat.com-a istinadən xəbər verir ki, valideynlər uşaqlarının səhhətində hətta problemlər yarandığını deyirlər. 
 
Valideynlərin sözlərinə görə, uşaqlar məktəbə əzgin, yorğun halda gedir, onlarda iştahsızlıq, yuxusuzluq yaranıb. Bir çox narazı valideynlər bu problemlərin əvvəlcədən yaranacağını bildikləri üçün təhsil nazirinə, digər səlahiyyətli orqanlara müraciət edərək dərs ilinin sentyabrın 1-i başlayıb mayın 25-də yekunlaşmasını xahiş etmişdilər. Bunun üçün də petisiya və imzatoplama kampaniyasına başlamışdılar. Ancaq bu müraciətə Təhsil Nazirliyinin cavabı müsbət olmadı. Dərs ilinin iyunun 14-dək uzadılması müəllimlərin də narazılığına səbəb olub. Müəllimlər uzadılmış 2 həftə üçün onlara tədris proqramının verilməməsindən gileylənirlər. Artıq bir sıra məktəblərdə şagirdlərin dərsliklərinin bir qismi yığılıb. 
 
Pediatr Vaqif Qarayev ibtidai sinif şagirdlərinin fiziki baxımdan artıq dözmədiklərini dedi: 
 
“Fakt budur ki, proqram qurtarıb. Amma uşaqlar yenə də ”oxuyurlar". Elmi tərəflərinə toxunmayacağam. Son günlərin müşahidələrini bölüşürəm: İbtidai sinif şagirdləri artıq fiziki baxımdan dözmürlər. Bu da uşağın psixikasında əlavə problemlər yaradır. Yorğunluq, üzgünlük, süstlük, əsəbilik, yuxunun pozulması, diqqətin konsentrasiya olunmaması, iştahanın pozulması və sairə kimi problemlər yaradır. Dərs ilinin uzadılması uşaqlarda kitab-dəftərə qarşı “ikrah” hissi yaradıb. Valideynlərin şikayətlərini ümumiləşdirib yazdım. Bu əlamətlər tədris ilinin uzadılması ilə bağlıdırmı?! Düşünürəm ki, bağlıdır! Çünki əvvəllər dərs ilinin sonunda biz bunu müşahidə etmirdik. Yəqin pedaqoqlar da fikrimi təsdiq edəcəklər, çünki özləri də yorulublar".
 
Pediatr bunun keçici olacağını bildirdi: “Düşünürəm ki, bu əlamətlər keçicidir. Yəni istirahətə başlayandan sonra sağlamlıqlarındakı problemlər bərpa olunacaq. Amma məsələ orasındadır ki, axı bu problemlər uşaqda niyə yaranmalıdır?! Onsuz da əksəriyyətinin bədən müqaviməti zəif olan uşaqlara biz də əlavə problemlər yaratmırıqmı?! Hər halda, pedaqoqların öz arqumentləri olacaq. Mən məsələyə tibbi aspektdən yanaşıram”.
 
Psixoloq Dəyanət Rzayev uşaqlarda adaptasiya prosesinin çətin getdiyini dedi: “Yeni olduğu üçün ola bilər ki, uşaqlar üçün adaptasiya prosesi çətin olsun. Mən təhsilin müddətinin uzadılmasında bir məna görmürəm. Gecə yatıb yuxuda nə görürlərsə, səhər oyanıb o qərarı verirlər. Amma bu qərarın uşaqların səhhətinə, psixikasına necə təsir edəcəyini düşünmürlər. Təhsil müddətini əvvəlki kimi saxlayıb əlavə fənlər artırmaq olardı. Sovet vaxtında olan təhsil strukturu çox yaxşı idi. Düşünürəm ki, onu qoruyub saxlamaq lazım idi. Uşaq bir struktura uyğunlaşır, sonradan dəyişiləndə bu, uşaqların psixikasına təsir edir və problemlər yaradır. Tədricən ilbəil uşaqlar buna öyrəşəcək. Təhsil ili mayın 25-i və ya 31-i bitsəydi, daha yaxşı olardı”.
 
Qeyd edək ki, hələ ötən il Təhsil Nazirliyi Azərbaycanda tədris həftəsinin orta göstəricisinin 32 həftə olması və bunun 35 həftəyədək artırılması ilə əlaqədar Nazirlər Kabinetinə təklif göndərmişdi və bu təklif qəbul olunmuşdu.
 
Səbəb də göstərilirdi ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə il ərzində tədris həftəsinin orta göstəricisi 38 həftə olduğuna görə Azərbaycanda da bu rəqəmə yaxınlaşma münasib hesab edilib. Nazirlik rəsmilərinin fikrincə, bu da şagirdlərin həftəlik təlim yükünün xeyli yüngülləşməsinə səbəb olacaq. /

Google+ WhatsApp ok.ru