Hərbi xidmətdən möhlət hüququ ləğv edilir

Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi “Elm haqqında” qanun layihəsindən çıxarılıb.
 
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Isa Həbibbəyli “Trend”ə bildirib ki, bu məsələnin layihədən çıxarılmasının səbəbi təmas xəttində gərginliklərin artmasıdır: “Aprel ayından təmas xəttində yüksək gərginlik müşahidə edilir. Eyni zamanda, bu günlərdə 9 mayda II Dünya Müharibəsinin veteranları da prezidentə müraciət edərək bildirdilər ki, lazım gəlsə, biz də təmas xəttinə gedərək Azərbaycanın haqq işi uğrunda mübarizəsinə kömək edə bilərik. Düşünürəm ki, belə bir zamanda magistr və doktorantlara möhlət hüququnun verilməsi düzgün olmaz”.
 
I.Həbibbəyli əlavə edib ki, Azərbaycanda müharibə şəraiti bitənə, sülh sazişi imzalanana qədər gənclər hərbi xidmətdən kənarda qala bilməzlər. Komitə sədrinin fikrincə, hazırda gənclərin də ən böyük arzusu Azərbaycanın torpaqlarının müdafiəsi, qorunması və haqq işində qalib gəlməyimizdir.
 
Xatırladaq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun magistratura və aspiranturada təhsili davam etdirmək üçün möhlət verilməsini nəzərdə tutan maddəsi 2006-cı ildə ləğv edilib. Hazırda bakalavrlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturada təhsillərini davam etdirə bilərlər.
 
Oğlanların əksəriyyəti bakalavr səviyyəsi üzrə təhsillərini başa vurduqdan sonra həqiqi hərbi xidmətə getdiklərindən onlar sonradan təhsilin digər səviyyələri üzrə oxumağa maraq göstərmirlər. Azərbaycan əhalisinin cinsi tərkibində qadın və kişilərin say nisbəti təxminən bərabər olsa da, qeyd edilən səbəbdən bu gün elm sahəsinə gələn gənclərin çoxu qızlardır. Bunun aradan qaldırılması üçün magistr və doktoranturada oxuyanlara möhlət hüququnun verilməsi vacib hesab edilirdi.
 
Xatırladaq ki, “Elm haqqında” qanun layihəsi Milli Məclisdə I oxunuşda qəbul edilib. Lakin layihənin yenidən təkmilləşdirilməsi zəruri hesab edilib. Layihənin təkmilləşdirilmiş yeni variantı II oxunuşda Milli Məclisin mayın 17-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.
 
Möhlət hüququnun ləğv edilməsiylə bağlı məqamları şərh edən təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu hesab edir ki, ölkədə elmə hörmət qalmayıb. Təhsilin prioritet olduğu vurğulansa da, onun istənilən sahəsinə ögey münasibət sərgilənir: “Hərbi vəziyyət, torpaqların təhlükə altında olduğu bəhanə gətirilir. Bir həqiqət var ki, bəzi adamlar məhz möhlət hüququ almaq üçün magistraturaya gedirlər.  Magistraturada normal qəbul olsa, sui-istifadə hallarına yol verilməsə, möhlət hüququnun ləğv edilməsində elə də böyük qəbahət olmaz. Məsələ ondadır ki, abituriyent hərbi xidmətdə olduğu vaxt ərzində iki il itirir. Bəzi bakalavrlar isə hərbi xidmətdən sonra magistraturada oxumaqdan imtina edirlər. Imtina edən gənclər gələcəkdə Nobel mükafatçısı ola, ölkəyə öz töhfəsini verə bilər. Bu mənada sözügedən dəyişikliyin edilməsi nöqsanlıdır”.
 

Google+ WhatsApp ok.ru