Hakimiyyət gömrük və vergidə islahatlara gedir?

Deputat Vahid Əhmədovun fikrincə, son aylarda baş verən hadisələr hökuməti tərpədib ki, artıq əvvəlki kimi işləmək qeyri-mümkündür

İyulun 29-da Bakı Şəhər Baş Gömrük İdarəsində Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan aparıcı iş adamları ilə görüş təşkil olunub. Publika.az saytının məlumatına görə, görüş Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi müvafiq məsələlərə həsr olunub.

 
Sahibkarlar qarşısında çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Şahin Bağırov bildirib ki, bu cür görüşlər Azərbaycanda hökumət-biznes əlaqələrinin daha da sıxlaşmasına və ölkədəki biznes mühitinin inkişafına gətirib çıxaracaq. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi hər zaman Azərbaycan iqtisadiyyatının rəqabətli və sağlam inkişafına dəstək verir: “Bu gün sahibkarlarla keçirilən görüşdə Azərbaycan Prezident Administrasiyasının da məsul nümayəndəsi iştirak edir. Burada bizim sahibkarlarla aparacağımız qarşılıqlı müzakirələr hesab edirəm ki, gələcəkdə dövlət-sahibkar münasibətlərinin daha da inkişafına gətirib çıxaracaq”.
 
Ş.Bağırov qeyd edib ki, son illər prezident tərəfindən sahibkarlığın inkişafı istiqamətində böyük və uğurlu addımlar atılıb: “Cənab Prezident bu sahədə hüquqi müstəvinin daha da genişləndirilməsi, sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, qanunsuz yoxlamaların qarşısının alınması, yeni üsulların tətbiq edilməsi və yeni çağırışlara cavab verilməsi istiqamətində uğurlu addımlar atıb. Bu gün bizim qarşımızda duran əsas məsələlərdən biri də səmərəli dövlət tənzimlənməsi tədbirlərinin həyata keçirilməsi və bazar iqtisadiyyatına əsaslanan formaların tətbiq edilməsi ilə bağlıdır. Bütün bu məsələlər cənab Prezident tərəfindən imzalanan sənədlərdə və ”Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında da əksini tapıb".
 
Ş.Bağırov bildirib ki, Azərbaycanda biznesin inkişafı üçün əlavə imkanlar yaradılmalıdır.  Eyni zamanda Gömrük Komitəsi rəsmisi sahibkarların özlərindən təkliflər almağa hazır olduqlarını bildirib. Sitat: “Çünki cənab Prezident bizim qarşımızda konkret vəzifələr qoyub. Biz də sahibkarlığın inkişafına yardım göstərməliyik. Ölkəmizin iqtisadi potensialının daha da gücləndirilməsi üçün müvafiq tədbirlər görməliyik. Bu baxımdan da hesab edirəm ki, bu gün keçirilən görüş həm bizim üçün, həm də sahibkarlar üçün çox maraqlı olacaq”.
 
Daha sonra Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov ölkə prezidentinin keçirdiyi son müşavirədə bəzi dövlət orqanlarının fəaliyyətsizliyini və öz vəzifələrinin öhdəsindən layiqincə gələ bilməməsini, xüsusilə də ölkədə sahibkarların sərbəst fəaliyyətinə süni maneələr yaradılmasını tənqid etdiyini xatırladıb. V.Novruzov əlavə edib ki, prezident İlham Əliyev tərəfindən 26 fevral 2011-ci il tarixli 45 saylı “Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” fərman imzalanıb: “Fərmanın icrası ilə bağlı Bakı Baş Gömrük İdarəsində qanunvericiliklə müəyyən edilmiş bütün gömrük ödənişlərinin yalnız bank və ya plastik kart vasitəsilə ödənilməsini təmin etmək üçün müxtəlif banklara aid 14 poçt-terminal quraşdırılıb. Həmin vaxtdan etibarən, nağd qaydada ödənişlərə birdəfəlik son qoyulub və bu sahədə şəffaflıq təmin edilib. Bundan əlavə, Bakı Şəhər Baş Gömrük İdarəsində gömrük xidmətlərinin şəffaflığını və operativliyini artırmaq məqsədilə elektron idarəetmə sistemi yaradılıb. Bununla da sahibkarla idarə rəisi arasında birbaşa rabitə xətti quraşdırılıb”.
 
Daha sonra o, tədbirdə iştirak edən sahibkarlara müraciət edərək, şəffaflığın təmin olunması üçün daha sıx əməkdaşlıq şəraitində çalışmağa çağırıb. Sonra tədbir KİV üçün qapalı şəraitdə keçirilib. Qapalı keçirilən görüşdə bir sıra sahibkarların təklifləri dinlənilib, müzakirələr aparılıb.
Qeyd edək ki, Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş ilk baxışdan adi toplantı kimi də görünə bilər. Ancaq gömrük şeflərinin sahibkarlara müraciəti, şəffaf fəaliyyət barədə açıqlamaları, konkret ölkə başçısının son toplantıda səsləndirdiyi iradlara istinad etməsi onu göstərir ki, toplantı konkret məqsədlidir. Yeri gəlmişkən, bir gün əvvəl Vergilər Nazirliyində geniş kollegiya iclası keçirilib. Nazirliyin şikayət xətti yaradılıb. Onu da xatırladaq ki, sonuncu toplantıda ölkə başçısı vergi orqanlarının sahibkarları incitdiyini tənqid etmişdi. Belə görünür ki, vergi və ardınca gömrükçülərin toplanması bu müşavirə ilə əlaqədardı.  
 
Deputat Vahid Əhmədov deyir ki, ölkə başçısının son iclasında vergi orqanlarının fəaliyyətini tənqid etməsindən sonra bu qurumların fəaliyyətində canlanma olması, hökumətin bu sahədə müəyyən işlər həyata keçirmək niyyətində olduğunu göstərir: “Ümumiyyətlə, son dövrün hadisələri, xüsusilə də dövlət başçısının son iclaslarda verdiyi mesajlar ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Dövlət qurumları da bu istiqamətdə müəyyən addımlar atmağa çalışırlar. Vergilər Nazirliyində böyük kollegiya iclası keçirildi, nazir Fazil Məmmədov şikayətlərlə bağlı xüsusi xətt yaratdı. Vergi orqanları ilə müəyyən problemlərin aradan qaldırılması üçün birbaşa təmasların qurulması imkanları yaradıldı. O cümlədən də gömrük orqanlarında da artıq hərəkətlənmə var. Çünki bu iki orqan vergi və rüsum yığan orqanlardır. Sahibkarlar birbaşa bu orqanlarla əlaqədə olurlar. Son vaxtlar da bildiyiniz kimi, müəyyən şikayətlər və problemlər vardı. 
 
Görünür, dövlət başçısı da bu şikayətləri mediadan izləyirdi və nəhayət, öz qərarını verdi və tapşırdı ki, bu sahələrdə özbaşınalıqlar yığışdırılsın. Ona görə də mənə elə gəlir ki, ciddi addımlar atılacaq. Artıq bank sistemində müəyyən islahatlar həyata keçirildi, kreditin yuxarı həddi müəyyən edildi və sair. Yəni müəyyən işlər görülür və bunu mən alqışlayıram. Yəqin ki, gömrük sistemində də analoji addımlar atılacaq və bu məsələlər öz müsbət nəticəsini tapacaq". 
 
Deputatın fikrincə, şikayətlər və narazılıqlarla yanaşı, dünya bazarında neftin qiymətlərinin ucuzlaşması, devalvasiya hökuməti islahatları daha da dərinləşdirməyə, qənaət mexanizminə keçməyə vadar edir:“İslahatlar həmişə gedirdi, ancaq açığını demək lazımdır ki, son zamanlar dünya bazarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, qonşu dövlətlərdə milli valyutaların məzənnələrinin düşməsi, Neft Fondunda gəlirlərin azalması ilə dövlət büdcəsində müəyyən problemlərin yaranması Azərbaycan hökumətini də tərpədib ki, artıq əvvəlki kimi işləmək qeyri-mümkündür. Yəni müəyyən islahatlara getmək lazımdır. Həm bank sistemində, vergi, gömrük orqanlarında, həm də struktur islahatlarına getmək lazımdır. Yəni necə deyərlər, qənaət mexanizmi Azərbaycanda ciddi şəkildə işləməlidir ki, gələcəkdə neftin qiyməti indikindən aşağı düşsə də ciddi problemlə üzləşməyək. Çünki son olaraq dünya siyasətində baş verən bir sıra hadisələr neftin qiymətlərinin də aşağı düşməsinə təsir edir”.(Yeni Müsavat)

Google+ WhatsApp ok.ru