Keyfiyyətsiz eynəklər xərçəng yarada bilər - ARAŞDIRMA

Havalar isindikcə gözlərimizi Günəş şüalarından qorumaq üçün gün eynəklərinə olan tələbat da artır. İnsan orqanizminin ən zərif orqanı olan gözün mühafizəsi üçün istifadə edilən eynəklərin necə gəldi satılması isə ciddi təhlükə mənbəyidir. Eynək həvəsində olan alıcıların əksəriyyəti harada satılmasından asılı olmayaraq öz zövqlərinə uyğun eynək seçir və alırlar.
 
Bu cür eynəklərin qiyməti 3 manatdan başlayır. Ucuz olduğu üçün əsasən də gənclər, tələbələr bu cür eynəkləri almağa üstünlük verir. 
 
“28 May” metrosu yaxınlığında bu cür eynəklər satılan yerdə bir gənc qızın 3 manatlıq eynəyi aldığını görüb ondan belə eynəklərin zərərli olub-olmaması haqda məlumatı olub-olmadığını soruşduq. Gülzar Eyvazova adlı alıcı ucuz olduğu üçün bu eynəyi seçdiyini dedi: “Mənim üçün görünüş önəmlidir, bilirəm, bəlkə də gözə ziyandır. Amma pulum buna çatır”.
 
Ümumiyyətlə, eynəklər iki növ materialdan - plastik və şüşədən hazırlanır. Şüşənin də öz növləri var ki, bunlara adi, xamelyon və sairə misal göstərə bilərik. Plastik materialdan olan eynəklər yüngül və rahat olmasına baxmayaraq tez sınıb çatlayır. Ona görə də şüşədən hazırlanan eynəklər daha keyfiyyətli hesab olunur. 
 
Mütəxəssislər deyir ki, eynək alarkən ilk növbədə onun rənginə və  çəkisinə fikir vermək lazımdır.  Eynəklər nə tünd, nə də açıq rəngdə, yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır. O həmçinin qoruyucu xüsusiyyətinə malik, gün şüalarını qıran, gözü qamaşdırmayan, gözləri rahatladan olmalıdır. 
 

Eynəyin şüşəsi cızıldığı zaman o, öz keyfiyyətini itirir. Belə ki, cızılmış yerlərdən ultra-bənövşəyi şüalar gözə təsir edir. Buna görə eynək alarkən buna diqqət edin və cızılmış eynəkdən istifadə etməyin. Qəhvə rəngli eynək geyinmisinizsə və əgər eynək keyfiyyətlidirsə, onda siz ətrafda olan əşyaları öz rənglərində görəcəksiniz. 
 
Amma əgər eynək keyfiyyətsizdirsə, onda siz ətrafda olan əşyaları qəhvəyi rəngdə görəcəksiniz. Eynək gözə düşməyəndə isə ilkin əlamətlər gözün qızarması, sulanması, quruması şəklində özünü büruzə verir. Nəticədə gözə ağırlıq düşür. 
 
Eynəyin rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıcıqlanmasına, iltihaba səbəb olur. Sonrakı prosesdə göz bülluru bulanır və görmə zəifləyir. Yaşa dolduqca keyfiyyətsiz gün eynəklərinin fəsadları daha qabarıq üzə çıxır və görmə üçün problemlər yaradır. Ona görə də  eynəklərin ixtisaslaşmış mağazalardan alınması daha məsləhətlidir.
 
 
Bir sözlə, keyfiyyətsiz eynək səhhətimizə ciddi zərər verir və tədricən görmə qabiliyyətini tamamilə zəiflədir. Göz həkimi, oftalmoloq Paşa Qəlbinur gün eynəklərinin insanda hətta xərçəng xəstəliyi yaratdığını dedi: “Son 7-8 ayda ucuz gün eynəkləri alanların sayı azalıb. Əvvəllər gün eynəklərinə görə gözlərində problem yaranan xəstələrimin sayı çox olurdusa, indi azalıb. Ucuz eynəklərin əksəriyyəti Çində istehsal edilir və yüksək radiasiyalı şüa qəbul edən şüşələrdən hazırlanır. Bu cür eynəklər gözləri zəiflətməklə yanaşı, xərçəng xəstəliyi də yaradır. Buna əsas səbəb bu cür eynəkləri əksər insanların yaxasına, başına taxmasıdır”.
 
Maraqlıdır, səhhətimizə zərərli olan bu ucuz eynəklərin satışının qarşısını almaq üçün hər hansı tədbirlər görülürmü?
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu sahəyə heç bir nəzarətin olmadığını bildirdi: “Bu cür eynəklərin satılması üçün heç bir sənəd yoxdur. Ucuz gün eynəkləri birmənalı şəkildə insanların gözlərini kor edən vasitədir. Azərbaycanda buna xüsusi bir meyl var. Mən bu yaşa çatmışam və hələ də başa düşə bilmirəm ki, nə üçün qış aylarında, tutqun havalarda Azərbaycan vətəndaşları, xüsusən də qadınlar avtomobilə əyləşən kimi qara eynək taxırlar. Nə vaxta kimi ölkəmizdə bu cür tələbat olacaq, o vaxta qədər də insanların kor olma prosesi sürətlə inkişaf edəcək. 
 
Əslində gün eynəklərini də həkim təyinatı ilə almaq lazımdır. Satışda olan ucuz eynəkləri alanlara məsləhət görürəm ki, eynək alarkən onu testlə yoxlasınlar. Hər bir eynəyin testi olur. Orijinal, keyfiyyətli gün eynəyini geyinəndə bir şəkil göstərilir. O şəkildə adi gözlə görünməyən fiqur görünür. Əgər gün eynəyini taxdığınız zaman bu fiqur görünmürsə, demək ki, o eynək keyfiyyətli deyil. Eynək alarkən bu cür testləri tələb etsinlər. Bu sahədə böyük hərc-mərclik və insanların aldadılması var. Bunun qarşısını da zor yolu ilə almaq mümkün deyil”.(Yeni Müsavat)

Google+ WhatsApp ok.ru