Nazirlik: Təqaüdlər müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, akademik nailiyyətlərə görə ödəniləcək

“Dövlət başçısının sərəncamı ödənişli əsaslarla təhsil alanlara da aiddir”

“Sərəncama müvafiq olaraq birinci yarım ildən sonra tələbənin dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, təqaüd yüksək akademik göstəriciləri ilə fərqlənənlərə şamil ediləcək. Dövlət sifarişi əsasında təhsil alanlar da, ödənişli əsaslarla təhsil alanlara da bu sərəncam aiddir”.
 
Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdiri Natiq İbrahimov “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması” haqqında Azərbaycan prezidenti İlham Əliyevin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında edilən dəyişikləri şərh edərkən deyib.
 
N. İbrahimov bildirib ki, bu zaman təhsil müəssisəsində cari ildə həmin ixtisas üzrə dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin ümumi sayı nəzərə alınacaq.
 
N. İbrahimov qeyd edib ki, dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərə görə ödəniləcək: “Bu o deməkdir ki, ali və orta ixtisas təhsil müəssisələrində ödəniləcək təqaüd semestrin nəticələrinə görə, akademik göstəricilərinə əsasən ən yüksəkdən başlayan sıralamada yerə uyğun olaraq müəyyən ediləcək”.
 
N. İbrahimov onu da qeyd edib ki, bu sərəncam doktorantlara və ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdlərinə şamil olunmayacaq: “Onlara təqaüdlər əvvəlki qaydada ödəniləcək”.(apa)

Google+ WhatsApp ok.ru