Oliqarxların ölkədən çıxışına qadağa qoyulub

«Cahangir Hacıyev işi»nə görə həbslərin çevrəsi böyüyür; Nazir və komitə sədrləri də hədəfə gələ bilər

“Cahangir Hacıyev işi” ilə həbs edilən iş adamlarının bir qrupu DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində, digər qrupu isə Kürdəxanı Təcridxanasında saxlanılır. Bu barədə “Azadlıq”a daxil olan məlumatlara görə, hüquq-mühafizə orqanları açıqlamasa da, xeyli iş adamı barəsində həbs-qətimkan tədbiri seçilib. Məlumatlarda həmçinin deyirlir ki, bu işə görə bəzi oliqarxların ölkədən çıxışına qadağa qoyulub. 
 
Bu arada məlum olub ki, mayın 14-də Bakıya dəvət edilərək “Bandotdel”in əməkdaşları tərəfindən saxlanılan Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov barəsində cinayət işi başlanıb. Adil Hüseynovun vəkili Kamandar Nəsibov APA-ya bildirib ki, müdafiə etdiyi şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə ittiham olunur: “Onun evində  axtarış aparıblar, lakin barəsində hələ ki, həbs qətimkan tədbiri seçilməyib. Adil Hüseynovun saxlanmasına səbəb Dubayda xarici şirkətlərdən birinin meneceri olmasıdır. Həmin şirkət bankdan kredit götürüb və qaytarmayıb. Ona görə Adil Hüseynovu da saxlayıblar”.
 
Vəkili Adil Hüseynovun Beynəlxalq Bankın Dubay filialının rəhbəri olması barədə məlumatsız olduğunu da deyib. 
 
Qeyd edək ki, Adil Hüseynov DIN-in sabiq baş əməliyyat müvəkkili adam oğluğu və digər ağır cinayətlərdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilən “Qara polkovnik” kimi keçmiş polis işçisi Fətulla Hüseynovun oğludur. 
 
“Cahangir Hacıyev işi” ilə bağlı həbslərin ilk günündə “Bandotdel”ə aparılan Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimovun qardaşı Hacı Ibrahimli isə sərbəst buraxılıb. O, APA-ya açıqlamasında barəsində cinayət işi başlanmadığını deyib: “Mən Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində ifadə vermişəm. Lakin hazırda heç bir cinayət işində adım keçmir. Mənə heç bir cinayət işi açılmayıb”. O, müəyyən problemlər olduğunu da etiraf edib: “Ölkədən çıxmağıma qadağa qoyulmuşdu. Azərbaycan Beynəlxalq Bankından 78 milyon manat məbləğində kredit götürmüşdüm. Bilirsiniz ki, ”Khazar Island" layihəsini həyata  keçirirəm. Banka ödənişdə gecikmə oldu. Beynəlxalq Banka ödəyəcəyim kreditin vaxtı bu ayın 19-u başa çatır. Başqa kreditlərə görə isə heç bir problem yoxdur".
 
Hacı Ibrahim Nehrəmli bildirib ki, onun Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına aparılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
 
“Azadlıq”a daha bir ilginc məlumat daxil olub. Məlumatda deyilir ki, ölkə başçısı Ilham Əliyevin əmisi oğluna məxsus “Riad” şirkətinin rəhbəri Aqil Quliyev də “Bandotdel”ə aparılıb. Bəzi iddialara görə, o, da “Cahangir Hacıyev işi”lə saxlanılıb. Lakin bəzi məlumatlarda Aqil Quliyevin tamamilə başqa bir məsələyə görə saxlanıldığı deyilir. 
 
Başqa məlumatlara görə, bu prosesdə rayonlarda fəaliyyət göstərən pambıqtəmizləmə zavodlarının rəhbərləri də saxlanılıb.
 
Modern.az saytı isə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb ki, “qaytarılmayan kreditlər məsələsi”ndə bəzi nazirlər və komitə sədrlərinin də adı keçir. Artıq bir neçə nazir və komitə sədrinin istintaqa çağırıldığı, hətta onlardan ifadəsi alınanların olduğu da vurğulanır.  
 
Sirr deyil ki, hazırda nazirlik və komitələrə rəhbərlik edən məmurlar dolayı yollarla müxtəlif iri şirkətlərin sahibidirlər. Bu, bir neçə gün öncə Dövlət Bayrağı Meydanı Kompleksi Idarəsinin rəisi vəzifəsindən çıxarılan Rəşad Məmmədovun timsalında bir daha təsdiqləndi. Məlum oldu ki, o, dövlət qurumuna rəhbərlik etməklə yanaşı, “AzImport” şirkətinin də sahibiymiş.
 
Bu baxımdan bəzi nazir və komitə sədrlərinin Beynəlxalq Banka qaytarılmayan kreditlər məsələsinə görə istintaqa cəlb olunması təsüdüfi deyil.

Google+ WhatsApp ok.ru