Yanan binada sirr qalan məqamlar

Ayın 19-da baş verən faciə ölkə gündəmini zəbt etdi və bugünə qədər də heç bir kənar müdaxilələr məsələyə münasibəti ikinci plana keçirə bilmir. Yəqin bu faciə hələ uzun müddət yaddaşlardan silinməyəcək və insanlar günahkarların cəzalandırılmasını israrla tələb edəcəklər.  Hadisədən sonra prezident müşavirə keçirdi, yanan binanın təmirinə start verildi, sintetik üzlüklərin sökülməsi prosesi və cinayət işi başladı və s.  
 
Amma bütün bunlarla yanaşı, yanan bina ilə bağlı xeyli sirli məqamlar toxunulmaz qaldı. 
 
Əvvəla, məlum oldu ki, yalnız Bakı şəhərində deyil, Mingəçevir, Gəncə, Neftçala, Lənkəran və digər bölgələrdə də penoplast üzlüklü binalar var imiş. Indi də Bakıda olduğu kimi, rayonlarda da sökülmə prosesi gedir. Məlum olur ki, bu üzlənmə prosesinə 100 milyonlarla vəsait xərclənib. Üstəlik, o da məlum olub ki, sintetik üzlüklər deyildiyi kimi ucuz başa gəlmirmiş. Əksinə, bu materialın kvadrat metri 150 dollara başa gəlir, halbuki kifayət qədər ucuz olan alternativlər var. Amma konkret olaraq bu üzlüklərə nə qədər xərclənməsi, növbəti üzlənməyə nə qədər xərclənəcəyi və büdcəyə ümumilikdə nə qədər zərər dəyməsi haqqa rəsmi məlumat verilmir.
 
İkincisi, ölkə başçısı məlum müşavirədə cinayətkarların cəzalanacağı vədini verdi. Amma bir neçə gün keçsə də, “JEK” müdiri, icra başçısının keçmiş müavini, penoplast zavodunun direktorundan başqa kimsə cəzalandırılmayıb. Həm də açılmış cinayət işinin maddələrinə əsasən nə zavod müdiri, nə də “JEK” müdirinin həbs olunması düzgün deyil.
 
Üçüncüsü, müşavirədə də bəlli oldu ki, həmin sintetik materialların istifadəsi ilə bağlı FHN-in,  Satandartlaşdırma idarəsinin, yanğından mühafizə idarəsinin sertifikatları olub. Amma bu məsələnin üzərinə gedilmədi. Bu sertifikatları hansı əsaslarla, kimlərin verdiyi müəyyən olunmadı.
 
Dördüncüsü, məlum müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov bildirdi ki, Xətaidəki yanğından sonra rayon icra başçılarına rəsmi müraciət ünvanlanıb, ancaq bu müraciətlərə cavab verilməyib. Sizcə, bu fikir nə qədər inandırıcıdır. Bu ölkədə hansı icra başçısıdır ki, Kəmaləddin Heydərovun müraciətinə cavab verməmək səlahiyyətinə sahibdir. Hamı bilir ki, Kəmaləddin Heydərov hakimiyyətin əsas şəxslərindəndir və bu ölkədə onun iradəsinə zidd gedəcək bir neçə adam ola bilər. Digər tərəfdən, dəfələrlə eşitmişik ki, FHN hansısa tikintinin icrasını dayandırıb. Tutalım icra hakimiyyətləri rəsmi müraciətə cavab verməyiblər. FHN bu üzləmə prosesini niyə dayandırmayıb? Deməli, bu məsələnin arxasında hansısa zavod müdiri, icra başçısının keçmiş müavini deyil, daha yüksək səviyyəli adamlar dayanır.
 
Beşincisi, sosial şəbəklərdə yayılan fotolar, üzə çıxan faktlar göstərdi ki, ölkə başçısı İlham Əliyev məlum zavodun açılışında iştirak edib. Eyni zamanda həmin zavodun direktoru Miryusif Mahmudov “M-Line” mebel fabrikinin də direktoru olub və İlham Əliyev bu mebel fabrikinin açılışında da iştirak edib. Bundan əlavə İlham Əliyev Miryusif Mahmudovu “fəxri mühəndis” ordeni ilə təltif edib. O həm də Gəncədəki Heydər Əliyev muzeyinin memarıdır. Yəni Miryusif Mahmudovun faəliyyəti olduqca geniş olub. Tutaq ki, İlham Əliyevin işin əslindən xəbəri olmayıb. Amma bu şəxsi İlham Əliyevə təqdim edənlərin ki, kimliyi məlumdur.  Deməli, İlham Əliyevin şəxsi marağı olsa və özünü təqsiri yoxdursa, əsl günahkarları dərhal üzə çıxarda bilər. Bu təkcə hüquq məsələsi deyil. Bu hadisənin mənəvi, insani tərəfləri var. 
 
Göründüyü kimi, binaların sintetik materiallarla üzlənməsi kiminsə özfəaliyyəti deyil. Ən yüksək səviyyədə himayə olunan və prezidentə qədər uzanan məsələdir. Ona görə də hansısa “JEK” müdirini tutmaqla, adamları aldatmaq lazım deyil. Prezident vədinə əməl etməli və həqiqi təqsirkarlar məsuliyyətə cəlb olunmalıdır.
 
İnanın ki, bu yanğının həqiqi günahkarlarını tapmaq, o qanunsuz villaların sahiblərini tapmaqdan daha asandır.  (Azadlıq)

Google+ WhatsApp ok.ru