20 ildir davam edən ÜTT danışıqları və...

20 ildir davam edən ÜTT danışıqları və...

-- Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaması Azərbaycana hansı çətinlikləri yaradır?

"Exo" qəzetində diqqəti "Azərbaycan təcili ÜTT-yə üzv olmalıdır" sərlövhəli məqalə cəlb edir.
 
Müəllif Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmamasının Azərbaycana hansı çətinliklər yaratmasını ekspert Natiq Cəfərli ilə müzakirə edir.
 
N.Cəfərli deyir ki, bu quruma üzv olmadığı üçün Azərbaycan bir çox nüfuzlu retinqlərə görə, qonşu dövlətlərdən kifayət qədər geri qalır: "Bir tərəfdən Azərbaycanın biznes mühitinə görə Forbes reytinqində 70-ci olması pis qiymət deyil, digər tərəfdən isə bu, orta həddən aşağıdır və belə qiymətə sevinməyə də dəyməz. Əsas problem biznes sturkturları tərəfindən Azərbaycan bazarına etimadın olmamasıdır".
 
Ekspert hesab edir ki, Azərbaycan tərəf iş adamlarına ölkədə biznesin beynəlxalq oyun qaydalarına uyğun aparılması zəmanəti verməlidir, bu isə ölkənin ÜTT üzvü olmasını şərtləndirir: "Azərbaycan ÜTT-yə üzv olmayan çox az ölkələrdən biridir. 1997-ci ildən bu quruma üzv olmaqla bağlı hələ ki danışıqlar aparır, qonşu dövlətlər isə artıq bu təşkilatın üzvləridir".
 
Ekspertə görə, bu səbəbdən beynəlxalq tədqiqatlarda Azərbaycanın iqtisadi reytinqləri aşağı mövqelərdə olur və bəzən hətta qonşu dövlətlərdən geridə qalır.
 
N.Cəfərli deyir ki, quruma üzv olmaq üçün ilkin növbədə ölkə qanunvericiliyinin bu təşkilatın qaydalarına uyğunlaşdırılması şərtdir, çünki bu qurum beynəlxalq ticarətin liberallaşdırılmasını və üzv dövlətlərin ticarət siyasətinin tənzimlənməsini nəzərdə tutur.
 
Ekspert bu üzvlüyün Azərbaycanın iqtisadiyyatına hansı təsirlər göstərəcəyini belə izah edir: "Bunun əsas müsbət tərəfi o olacaq ki, iqtisadiyyat liberallaşacaq, biznes-mühit isə yaxşılaşacaq, qanunvericilikdə institutsional dəyişikliklər baş verəcək. 10 ildir ki, hökumət "Rəqabət haqqında məcəlləni qəbul etmir, bu quruma üzvlük isə rəqabət qabiliyyətliyini kifayət qədər artıracaq".
 
N. Cəfərli deyir ki, məsələ təkcə bununla yekunlaşmır, vergi, gömrük qanunvericiliyinə yenidən baxılacaq, məhkəmə sistemində islahatlar aparılacaq, bu isə iş adamlar üçün olduqca vacibdir.
 
Ekspert hesab edir ki, mübahisəli və ya münaqişəli məsələlərdə məhkəmənin obyektiv qərar çıxaracağına zəmanət olmayan ölkəyə heç kim sərmayə qoymaz.
 
N.Cəfərli deyir ki, quruma üzvlük iqtisadiyyatın şaxələndirilməsinə və sabit olmayan neft qiymətindən asılılığı azaltmasına dəstək verəcək.
 
İqtisadçı vurğulayır ki, Azərbaycan 2018-ci ildə ÜTT-yə üzv olsa, bir və ya iki ildən sonra böyük nəticələri görə biləcək.(contact)
 

Google+ WhatsApp ok.ru