'Yoxsulluq meyarları düzgün ölçülsə...'

'Yoxsulluq meyarları düzgün ölçülsə...'

-- Beynəlxalq standartlara görə Azərbaycanda əhalinin əksəriyyəti yoxsuldur

Azadliq.info saytında «Beynəlxalq standartlara görə Azərbaycanda əhalinin əksəriyyəti yoxsuldur» sərlövhəli yazıda iqtisadçı-ekspert Rövşən Ağayevin düşüncələrinə yer verilib.
 
Yazıda bildirilir ki, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun «2020-ci ilədək Azərbaycanda bir nəfər də yoxsul qalmayacaq» açıqlaması «Azərbaycanda real yoxsulluq səviyyəsi necədir» sualını yenə də gündəmə gətirib.
 
Ekspert hesab edir ki, Azərbaycanda «gerçək yoxsul kimdir» sualına əslində doğru cavab verilməyib:
 
«Bizdən fərqli olaraq, Avropa ölkələrində yoxsulluğu istehlak xərclərinə əsaslanan mütləq yoxsulluq göstəricisindən daha çox, gəlirlərə əsaslanan nisbi göstəriciylə müəyyən etməyə üstünlük verirlər. Məsələn, bizdə ayda 155 manatdan az xərcləyən şəxs avtomatik yoxsul sayılır. Avropada isə median (orta) gəlirin 60 faizindən az qazanan şəxs kasıblar qrupuna düşür».
 
R.Ağayev bildirib ki, Azərbaycanda yoxsulluq meyarını müəyyənləşdirən təcrübəni tətbiq edən ölkələrdə bu ölçmənin natural tərəfləri də var:
 
«Azərbaycan qanunvericiliyinə görə, il ərzində 33 kq ət, 7.7 kq balıq və balıq məhsulları, 38 kq meyvə, 55 kq kartof yeməyə maddi imkanı olmayan şəxs yoxsuldur. Qazaxıstan hökumətinə görə, il ərzində 59 kq ət, 18 kq balıq və balıq məhsulları, 60 kq meyvə, 100 kq kartof yeməyə maddi imkanı olmayan yoxsul sayılır. Estoniya hökuməti isə hesab edir ki, il ərzində 50 kq ət, 34 kq balıq və balıq məhsulları, 97 kq meyvə, 144 kq kartof yeməyə maddi imkanı olmayanlar bu kateqoriyaya aiddirlər».
 
Ekspert vurğulayıb ki, Estoniyada minimum ərzaq səbətinə bal, kofe, kakao kimi məhsullar da daxildir. Halbuki, bu qidalar Azərbaycanda minimum ərzaq səbətinə daxil edilməyib.(contact.az)
 

Google+ WhatsApp ok.ru