“Hakimiyyət tənqid etməli yox, nəticə çıxarmalıdır”

Müxalifət təmsilçiləri hesab edir ki, Avropa Parlamentinin qətnaməsi hakimiyyətə ciddi xəbərdarlıqdır 
 
Avropa Parlamenti Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı sərt dildə qətnamə qəbul etdi. Azərbaycandakı repressiyaların kəskin tənqid olunduğu sənəddə siyasi məhbus probleminin dərhal həll olunması tələb olunur. Bundan başqa, Azərbaycan hakimiyyətinin repressiv siyasətini davam etdirəcəyi təqdirdə sərt sanksiyalarla üzləşəcəyini bəyan edən AP üzvləri Bakıya xəbərdarlıq ediblər.
Fuad Qəhrəmanlı: «Azərbaycan hakimiyyəti zəruri addımlar atmayacağı təqdirdə sanksiyaların tətbiqi gerçəkliyə çevrilə bilər»
 
AP-ın qəbul etdiyi qətnamənin ölkə reallıqlarını əks etdirdiyini deyən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, hakimiyyətin repressiv siyasətinin nəticələri detallı şəkildə qətnamədə əksini tapıb. İlk dəfə olaraq rəsmi strukturlar səviyyəsində Azərbaycana qarşı sanksiyaların tətbiq oluna biləcəyinin gündəmə gətirildiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, bu artıq Azərbaycana münasibətdə fərqli yanaşmadır: “Əvvəllər Azərbaycan hakimiyyətinə çağırışlar olurdu ki, Azərbaycanda demokratiyanın önü açılmalı, demokratik islahatlar həyata keçirilməlidir. Amma indi açıq şəkildə vurğulanır ki, hakimiyyət ölkədə söz və mətbuat azadlığını boğur, insan haqlarını, demokratik prinsipləri məhdudlaşdırır. Azərbaycanda durumun getdikcə pisləşməsi narahatlıqla vurğulanır. Bu baxımdan Azərbaycanda insan haqlarını pozan məmurlara qarşı sanksiyaların tətbiqinin gündəmə gətirilməsi yetərincə ciddi və yeni yanaşmadır. Bu o deməkdir ki, Azərbaycan hakimiyyətinin çağırışlarla islah olunacağına, repressiyaları dayandıracağına ümidlər kəsilib. Ona görə də sanksiyalar məsələsi gündəmə gəlir”.
 
F.Qəhrəmanlı hesab edir ki, bu gün Avropa Parlamenti səviyyəsində gündəmə gələn bu fikir Azərbaycan hakimiyyətinin zəruri addımlar atmayacağı təqdirdə sanksiyaların tətbiqini gerçəkliyə çevirə bilər. F.Qəhrəmanlının fikrincə, əvvəlcə hüquq müdafiə təşkilatları səviyyəsində dilə gətirilən sanksiyaların tətbiqi məsələsinin AP-ın gündəminə gəlməsi sanksiyaların tətbiqinin yaxın olduğunu deməyə əsas verir: “Əsas məqam odur ki, Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlıq sazişinin imzalanmasının məhz insan haqlarına olan münasibətdən, siyasi repressiyaların dayandırılmasından asılı olduğu dilə gtirilir. Deməli, Avropa Birliyi üçün Azərbaycanla münasibətlərdə əsas prioritet insan haqları, demokratik prinsiplərdir. Bu günə kimi Azərbaycan cəmiyyətində belə bir fikir formalaşmışdı ki, Qərb Azərbaycanda demokratik dəyərləri enerji maraqlarına dəyişir. Amma bu qətnamə ilə açıq şəkildə nəzərə çatdırılır ki, münasibətlərin gələcəyi Azərbaycan hakimiyyətinin insan haqlarına münasibətindən asılıdır. Bu isə o deməkdir ki, Azərbaycan cəmiyyəti demokratiya uğrunda mübarizədə tək deyil”.
 
Hakimiyyət təmsilçilərinin AP-ın qətnaməsinə verdiyi isterik reaksiyalara gəlincə, F.Qəhrəmanlı bildirdi ki, hakimiyyət bu cür yanaşmadan sonra siyasətinə yenidən baxmalıdır.
 
Vidadi Mirkamal: "Hakimiyyətin yürütdüyü siyasət Azərbaycanı dünyada etibarsız tərəfdaşa çevirə bilər"
 
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal da hesab edir ki, Azərbaycandakı durumla bağlı AP-da qəbul olunan qətnamə reallıqları əks etdirir. Hakimiyyətin hazırda daxildə yürütdüyü siyasətin beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəliklərə də zidd olduğunu deyən V.Mirkamal bildirdi ki, hakimiyyətin yürütdüyü siyasət Azərbaycanı dünyada etibarsız tərəfdaşa çevirə bilər: “Hakimiyyət təmsilçilərinin reaksiyalarından görünür ki, növbəti dəfə beynəlxalq birliyin mövqeyi nəzərə alınmayacaq. Hakimiyyət yürütdüyü siyasətə dəyişiklik etməyəcəyi təqdirdə, onu çətin sınaq gözləyir”.
 
Azadlıq qəzeti

Google+ WhatsApp ok.ru