“Dövlət qurumları satışa çıxarılsın” – Təklif

İqtisadçı ekpert İlham Şaban ölkədə yeni bir qurumun yaradılması və “Azərenerji” nin səlahiyyətlərinin azaldılması ilə bağlı fikirlərini sosial şəbəkədə paylaşıb. 
 
Maide.az xəbər verir ki, ekspert qeyd edib ki, "Azərenerji"dən paylayıcı şəbəkənin tam olaraq alınması və ölkədə yeni bir paylayıcı monopoliyanın yaradılması (ola bilsin bir azdan "Sumqayıtelektrikşəbəkə" də Azərİşiğa birləşdirilsin) çox güman ki, hökumətin ilin ikinci yarısında Beynəlxalq maliyyə institutlarından yeni kreditlər alması ilə atacağı addımlara hazırlıqdır: “Çünki Dünya Bankının nümayəndəsi bu yaxınlarda belə bir fikir səsləndirmişdi ki, biz Azərbaycana neftin aşağı qiymətlərdə qaldığı bir vaxtda iqtisadiyyatın inkişafı ilə bağlı yardım əlimizi uzada bilərik. Bundan əvvəl isə reytinq agentlikləri dövlət şirkətlərinin proqnoz reytinqlərini, o cümlədən “Azərenerji”ninkini, aşağı salaraq "neqativ"ləşdirdilər. Yəni Kreditlər artıq əvvəlki kimi yaxşı şərtlərlə veriləsi deyil. Struktrur islahatları aparmaq gərəkdir”. 
 
Onun sözlərinə görə, əslində dövlət hazırda dövlətin boynunda oturan və faydalı iş əmsalı aşağı olan, büdcədən daim kapital uman strukturların ilk növbədə dövlətsizləşdirmə siyasətini gündəmə gətirməliydi. Tam olmasa da, yəni hökumət müəyyən payı üzərində saxlamaq şərtilə o qurumları satışa çıxara bilərdi: ”Bundan həm külli miqdarda qazanc əldə edərdi, həm də büdcənin illik yükü azalmış olardı və ikinci tərəfdən büdcəyə ildən-ilə vergi daxilolmaları artardı. Çünki özəl sektor bir qayda olaraq dövlətdən yaxşı işləyir. Bu hər yerdə belədir - orda ki, izafi kapital yoxdur.
 
Marks "Kapital" əsərində yazırdı ki, izafi kapital (zəhmətsiz qazanılan pul) heç zaman əlavə dəyər yaratmaq qabiliyyətində deyil. Təəssüf ki, Azərbaycanda vaxtilə 600 min kommunist olsa da, demək olar ki, "Kapitalı" oxuyan ya olmayıb, ya oxuyan elə institutda qiymət almaq xatirinə oxuyub”.

Google+ WhatsApp ok.ru