Əmək pensiyalarının nə qədər artacağı dəqiqləşdi

Əmək pensiyaları orta hesabla 1 manat 2 qəpik artacaq. Bu məlumatı iqtisadçı ekspert Qubad İbadoğlu musavat.com-a açıqlamasında bildirib. 
 
İqtisadçı ekspertin sözlərinə görə, dövlət başçısının pensiyaların sığorta hissəsinin indeksləşdirilərək, artırılmasına dair sərəncamı ənənəvi xarakter daşıyır: “Hər ilin yanvan ayının 1-dən fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi 2014-cü il üzrə istehlak qiymətləri indeksinə (inflyasiya) uyğun olaraq, aparılır. Ötən ilin inflyasiya səviyyəsinə uygun olaraq, əmək pensiyalarının yalnız sığorta hissəsi 1,4 faiz artırılacaq. 1,4 faizlik artım pensiyaların bütün məbləğinə deyil, yalnız sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğinə şamil olunacaq. 
 
Ona görə də əksər pensiyaçıların pensiyalarının artımı qəpiklərlə ifadə ediləcək. Çünki ölkədə inflyasiyaının gerçək səviyyəsinin yüksək olmasına baxmayaraq, Dövlət Statistika Komitəsi onun aşağı göstərir. Biz bunu alternativ yolla inflyasiya səviyyəsini eyni metodika üzrə hesabladığımız zaman dəfələrlə isbat etmişik”.
 
Q. İbadoğlu qeyd edib ki, 1 yanvar 2015-ci il tarixində ölkə üzrə əmək pensiyaçılarının sayı 1 290,1 min nəfər təşkil edib: “Həmin tarixə əmək pensiyalarının orta aylıq məbləği 173,4 manat, o cümlədən, yaşa görə əmək pensiyasının orta aylıq məbləği 192,3 manat olub. Hesablamalar göstərir ki, indeksləşdirmədən sonra orta hesabla əmək pensiyaları (173,4 AZN - 100 AZN) x 1,4 %) 1 manat 2 qəpik, yaşa görə pensiyanın məbləği isə (192,3 AZN - 100 AZN) x 1,4 %) 1 manat 29 qəpik artacaq”.

Google+ WhatsApp ok.ru