ТАР Avropanın qaz tələbatına təminat vermir – yunanıstanlı nazir

Rusiyanın “Qazprom” şirkəti Rusiya qazının Yunanıstan ərazisi ilə nəqli üçün bu ölkədə infrastruktur yaradılmasında iştiraka hazırdır, deyə “Qazprom” şirkətinin rəhbəri Millerin Yunanıstanın energetika naziri Panayotis Lafazanis ilə görüşündən sonra şirkətin mətbuat xidməti məlumat yayıb.
 
Tərəflər RF qazının nəqli üçün bu ölkədə infrastruktur yaradılmasını müzakirə ediblər. Qeyd edilib ki, “Qazprom” şirkəti  qarşılıqlı faydalı şərtlərlə müvafiq infrastruktur yaradılması variantlarına baxmağa hazırdır.
 
29 mayda Lafazanis Moskvada rusiyalı həmkarı Aleksandr Novakla görüşüb. Millerlə görüş Sankt-Peterburqda olub.
 
“Qazprom” şirkəti  Qara dənizin dibi ilə "Türk axını " kəməri çəkmək istəyir. Rusiya Yunanıstan, Makedoniya, Serbiya və Macarıstanla kəmərin Avstriyaya qədər uzadılması barədə danışıqlar aparır.
 
Lafazanis Sputnik nəşrinə müsahibəsində deyib ki, ABŞ-ın “Türk axını” qaz kəmərinin Yunanıstan ərazisində genişlənməsi məsələsinə münasibəti Yunanıstanın mövqeyinə təsir etməyəcək.
 
“Biz layihəni dəstəkləyirik, istəyirik ki, qaz kəməri Yunanıstan ərazisindən çəkilsin və əminik ki, o bütün Avropa ölkələrinə lazım olacaq, biz ABŞ-ın mövqeyindən çox məyus olmuşuq”, - deyə o qeyd edib.
 
Lafazanisin fikrincə, “Türk axını” və TAP (Azərbaycandan Avropaya qaz kəməri) qaz kəməri layihələri rəqib deyil, çünki hər birinin öz rolu var. “TAP – əlbəttə Yunanıstan ərazisindən keçəcək qaz kəməridir, ancaq o Avropanın qaza böyük tələbatına zəmanət vermir”, - deyə o bildirib və qeyd edib ki, layihə “Türk axını”na alternativ olmayacaq.
 
Onun qiymətləndirməsinə görə, “Türk axını” qaz kəmərinin Yunanıstan hissəsinin dəyəri 2 mlrd avro ola bilər.
 
“Biz hələ ki, layihənin necə maliyyələşəcəyini müzakirə etməmişik. Ancaq biz artıq bilirik ki, qaz kəmərinin təxmini dəyəri 2 mlrd dollar olacaq və onun tikintisi 20 minə yaxın iş yeri açacaq”, - deyə nazir bildirib.
 
O həmçinin bildirib ki, Avropanın cənubunda istehlakçılara qaz tədarükü üçün “Türk axını”nın Yunanıstanda davamının tikintisi ilə bağlı razılaşma cari ilin iyun ayında Peterburq Beynəlxalq İqtisadi Forum (PBİF) çərçivəsində imzalana bilər. “Hazırda biz təhlil və planlaşdırma mərhələsindəyik. Qaz kəməri ilə bağlı transmilli razılaşma final mərhələsindədir. Ümud edirik o tezliklə imzalanacaq”, - deyə o qeyd edib və əlavə edib ki, Yunanıstanın baş naziri Aleksis Sipras PBİF-ə getməyi planlaşdırır.

Google+ WhatsApp ok.ru