Əliyevin yeni təyinatları ilə bağlı yeni təfərrüatlar

Qəfil yerdəyişmələr Bəylər Əyyubovun böyük şəhərləri nəzarətə götürmək istəyi ilə əlaqələndirilir

Ölkə başçısı Ilham Əliyevin son yerdəyişmələri ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Söhbət Abşeronunun icra başçısı Zakir Fərəcovun Sumqayıta, bu şəhərin rəhbəri Eldar Əzizovun Səbailə, Səbailin başçısı Asif Əsgərovun isə Nəsimi rayonuna göndərilməsindən gedir.
 
Qeyd edək ki, Zakir Fərəcov və Eldar Əzizovla bağlı yeni təyinatlar hələ sentyabrın 1-də yayılmışdı. Həmin xəbərdə bildirilirdi ki, Zakir Fərəcov Sumqayıta, Eldar Əzizov isə Bakının Nizami rayonuna icra başçısı təyin olunub. Lakin bu məlumatları təsdiq edəcək prezident sərəncamı ortada yox idi. Sentyabrın 2-də isə Eldar Əzizov mətbuata açıqlama verərək yayılan məlumatların əsassız olduğunu demişdi. O, Sumqayıtda iş başında olduğunu bildirmişdi. Elə həmin gün axşam saatlarında Ilham Əliyevin yeni təyinatları ilə bağlı sərəncamları yayıldı. Beləliklə, aydın oldu ki, yayılan məlumatlar əsassız deyilmiş.
 
Əldə etdiyimiz məlumatlara görə, bu qəfil yerdəyişmələrə səbəb hakimiyyət daxilindəki qruplardan birinin rəhbəri olan prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun iri şəhərləri nəzarəti altına almaq istəyi olub. Məlumat üçün deyək ki, ən iri şəhərlərdən olan Gəncə artıq bir neçə ildir ki, Bəylər Əyyubovun nəzarətindədir. Lakin general ölkənin ikinci böyük şəhəri olan Sumqayıtı da nəzarətə götürmək iddiasında olub və cəhdləri boşa çıxmayıb. Komandasına daxil olan Zakir Fərəcovun bu şəhərə rəhbər təyin olunmasına ölkə başçısının razılığını ala bilib. Lakin hakimiyyətdəki başqa bir qruplaşma bu işə mane olmağa cəhd edib. Bu qruplaşma şərti olaraq “komsomol qruplaşması” adlanır. Iddialara görə qruplaşmanın rəhbəri Prezident Administrasiyasının ərazi idarəetmə şöbəsinin müdiri Zeynal Nağdəliyevdir.
 
Sumqayıtın icra başçısı Eldar Əzizovla Səbailin rəhbəri Asif Əsgərovun da bu qruplaşmaya daxil olduğu deyilir. Bu qruplaşma bütövlükdə Paşayevlərə yaxın sayılır. Bildirilir ki, arxasında daha böyük güc hiss edən bu qruplaşma yeni təyinatlara dirəniş göstərib. Uzun müzakirələrdən sonra Eldar Əzizovun Səbail rayonuna icra başçısı təyin olunması razılaşdırılıb. Asif Əsgərovun da işsiz qalmaması üçün Nəsimi rayonu bu qruplaşmanın nəzarətinə verilib. Bu savaşda uduzan nəqliyyat naziri Ziya Məmmədov olub. Məlumat üçün deyək ki, Nəsiminin icra başçısı Nəsib Məhməliyev nəqliyyat nazirinin adamıdır.

Google+ WhatsApp ok.ru