“Azərbaycan dövlətinin büdcəsi Harvard Universitetinin büdcəsindən 2,3 dəfə kiçikdir”

İqtisadçı alim Qubad İbadoğlu gələn ilki dövlət büdcəmizin konturlarının rəsmilər tərəfindən açıqlanmasını şərh edərkən bizim üçün üzücü olıan müqayisələr də aparıb:
 
“Büdcə parametrlərinin açıqlanması bizim gözləntilərimizi doğrultdu. Hələ bir neçə ay bundan əvvəl açıqlamışdım ki, gələn ilin büdcəsi 15 milyard ətrafında olacaq. Belə də oldu və hökümət 2016-cı ilin büdcəsini 2011-ci ilin faktiki büdcəsindən də az proqnozlaşdırdı. Deməli, bu il hətta 5 il əvvəlki ilin imkanlarını belə ortaya qoya bilmədik. Azərbaycan höküməti növbəti il üçün bu il üçün proqnozlaşdırılandan 5 milyad manat az, 14 milyard dollarlıq büdcə təklif etdi. 2016-ci il üçün hökümətin təklif etdiyi dövlət büdcəsi əhalisi Azərbaycandan 3 dəfə az olan Litvanın büdcəsi ilə müqayisədə də kiçik görünür. 3 milyona qədər əhalisi olan Litvanın büdcəsi Azərbaycanın büdcəsindən 4 milyard dollar çoxdur, onların büdcəsi 18 milyard dollardır. Heç bir təbii resursu olmayan Litvada ildə adambaşına 6 min dollar, Azərbaycanda isə adambaşına 1500 dollar büdcə vəsaiti düşür və bu hesabla gələn il Azərbaycanda Litvadan 4 dəfə az büdcə gəlirləri formalaşacaq. Yaxud da bizimlə demək olar ki, eyni sayda əhalisi olan Çexiya Azərbaycandan 3,3 dəfə çox – 45,7 milyard dollarlıq büdcəni parlamentin müzakirəsinə çıxarıb.
 
Müqayisə edəndə görürük ki, Azərbaycan dövlət büdcəsini hətta Amerikanın bəzi universitetlərinin büdcəsi ilə müqayisə edəndə belə kiçik görünür. Məsələn, ABŞ-ın Prinseton Universitetinin büdcəsi 18,2 milyard dollar, Stanford Universitetinin büdcəsi 18,7 milyard dollar, Texas Universitetinin büdcəsi 20,4 milyard dollar, Yale Universitetinin büdcəsi 20,8 milyard dollar, Kaliforniya Universitetinin büdcəsi 22,4 milyard dollar, məşhur Harvard Universitinin büdcəsi isə Azərbaycan dövlətinin bücəsindən 2.3 dəfə çox – 32,3 milyard dollardır. Demək istəyirəm ki, 2016-cı ilin büdcəsi ölkənin maliyyə potensialı ilə müqayisədə çox kiçik büdcədir. Əgər büdcə kiçilirsə, bu, iqtisadiyyatın digər göstəricilərinin pisləşməsinə gətirib çıxaracaq. Büdcəmizin belə kiçik olması, heç də maliyyə potensialımızın zəif olmasının deyil, ölkədə “gizli iqtisadiyyat”ın səviyyəsinin yüksək olmasının təzahürüdür. Bu istiqamətdə apardığımız araşdırmalarla təsdiqləmişik ki, büdcəyə cəlb olunmalı vəsaitlər ayrı-ayrı şəxslərin və ailənin kapitalının formalaşmasına xidmət edir.” azadliq /

Google+ WhatsApp ok.ru