“Azərsun Holdinq” zərərlə üzləşib

Azərbaycanın əsas qida məhsulları istehsalçılarından olan “Azersun Holding” bu il zərərlə işləyir. Bunu holdinqin prezidenti Abdolbari Goozal bildirib.
 
“Fins.az”ın məlumatına görə, şirkət rəhbəri qeyd edib ki, fevral ayında manatın devalvasiyasından sonra satış qiymətlərinin artmaması üçün işlər görülüb: “Azərbaycan dünyada devalvasiyanın təsirlərini ən uğurlu şəkildə dəf edib. Bu məsələdə ”Azersun Holding”in də rolu böyükdür. Biz bu yükün bir miqdarını çiynimizdə daşıdıq. Şirkətimiz bu il indiyə kimi zərərlə işləyib, problem deyil. Əvvəlki illərdə qazancımız olub, bir il də zərərlə işləyərik”.
 
A.Goozal həmçinin əlavə edib ki, indiyədək heç bir məhsulda devalvasiyaya adekvat – 35 faiz bahalaşma qeydə alınmayıb.
 
Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmov söyləyir ki, həmin şirkət xaricdən əsasən xammal kimi xam şəkər, bitki yağı və çay idxalıyla məşğul olur. Qurum ölkədə bu məhsulların qablaşdırmasını, daxili bazarda isə satışı və xarici ölkələrə ixracını həyata keçirir:
 
“Manatın devalvasiyasından sonra onlar xammalı artıq əvvəlki qiymətə deyil, daha baha qiymətə almaq məcburiyyətində qalıblar. Şirkətin idxalı çox kəskin şəkildə azalıb. Ona görə də belə bir vəziyyətin baş verməsi gözlənilən idi. Şirkət artıq əvvəlki kimi şəkər və yağ ixrac edə bilmir. Nəticədə şirkət gəlirdən məhrum olub və ölkəyə idxal etdikləri xammalı da dollarla əldə etdikləri üçün manatla dəyəri 35-40 faiz artıb. Bütün bunları nəzərə alanda şirkətin gəlirləri həqiqətən də kəskin şəkildə azalıb”. /

Google+ WhatsApp ok.ru