​NEFTDƏN ASILILIQ DAVAM EDİR

«Yeni Müsavat» qəzeti 2106-cı ilin birinci rübünün yekunlarına dair Nazirlər Kabinetinin bu günlərdə keçirilmiş iclası fonunda iqtisadçı Vüqar Bayramovun dəyərləndirmələrini təqdim edib. Vüqar Bayramov prezident yanında keçirilən toplantıda səslənən fikirlərə ardıcıllıq üzrə münasibət bildirib: «Birinci rübdə Ümumi Daxil Məhsulun artım tempini qorumaq mümkün olmadı. Çünki neftin dünya bazarında qiyməti aşağı düşdü və nəticə etibarilə artıma mənfi təsir göstərdi. Ölkənin ixracatında neft yenə əsas faktordur və ucuzlaşdıqdan sonra belə ixracatın 85 faizini təşkil edir».
 
İqtisadçının fikrincə, ölkənin neftdən asılılığı davam edir və bundan tezliklə yaxa qurtarmaq mümkün olmayacaq: «Bu baxımdan neft yenə də iqtisadi artımı diktə edir. Odur ki, neftin dünya bazarındakı qiyməti Azərbaycan üçün yenə həlledicidir».
 
Daha sonra V.Bayramov hakimiyyətin sosial evlər tikmək haqda ideyasına da toxunub. O, bu təşəbbüsü müsbət sayıb, amma burada da problemlər olduğunu qeyd edib: «Bu sahənin inkişafı üçün bölgələrdə məmurlar tərəfindən zəbt edilmiş torpaqların yenidən istifadəsinə ehtiyac var».
 
İqtisadçı deyir ki, bəzi torpaqların məmurlardan, iş adamlarından alınaraq bələdiyyə və dövlətin sərəncamına verilməsi mühüm məsələdir: «Həmin torpaqların böyük qismi kənd təsərrüfatı üçün yararlı torpaqlardır. Odur ki, bu torpaqların geri alınması üçün vergilərin tətbiq olunmasını təklif edirik».
 
V.Bayramov yerli istehsalın artırılmasında əsas problem kimi iş adamlarının fəaliyyətinə yerli icra başçılarının müdaxiləsini göstərir: «Regionlarda icra başçılarının iş adamlarına müdaxiləsini aradan qaldırmaq lazımdır». /

Google+ WhatsApp ok.ru