Ət kəskin bahalaşır

Ət kəskin bahalaşır

"Novoye Vremya" qəzetində "Ətin qiyməti sürətlə artır, Kənd Təsərrüfatı Nazirliyi yarmarkalara ümid edir" sərlövhəli məqalə diqqət çəkir.
 
Müəllif Azərbaycanda ətin bahalaşdığını bildirir. Qəzetə danışan qəssablar bunu kommunal xidmətlərin bahalaşması və ölkədə korrupsiya amili ilə izah edib.
 
Ekspert Oqtay Haqverdiyev isə hesab edir ki, çox şey inhisarlardan asılıdır: "Mənə elə gəlir ki, bazarlarda inhisarın varlığını unutmaq olmaz".
 
Yazıda qeyd edilir ki, artıq bəzi yerlərdə sümüksüz ət 16 manata satılır. Halbuki, fevralda bu, 11-12 manat arasında dəyişirdi: "Kənd yerlərində mal ətinin bir kiloqramı 9-10 manatdır. Bakıda sümüksüz ət 16 manata satılır. Hətta istehsalçı qaldırılan enerjiyə və xidmətlərə görə məsrəfləri bağlamaq istəsə belə, qiymətlər bu qədər yüksəlməməli idi".
 
Kənd Təsərrüfatı Nazirliyindən isə bildiriblər ki, yaxın günlərdə Bakıda bayramöncəsi yarmarkalar təşkil olunacaq. Bu yarmarkalarda ətin bir kiloqramı 8, 8 manat 50 qəpiyə satılacaq.
 
Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov isə ölkənin ət qıtlığı yaşadığını deyib. Onun fikrincə, yaxın zamanlarda ətin bir kiloqramı 20 manata kimi yüksələ bilər: "Bütünlükdə isə bütün ərzaq məhsullarının qiymətləri bu ilin sonuna qədər daha 50 faiz bahalaşa bilər. Bu, əsasən, ət və kolbasa məhsullarına aiddir. Bazarlarda isə qiymət artımı artıq dözülməz olub".
 
Ə.Hüseynovun fikrincə, hökumətin nə deməsindən asılı olmayaraq, ölkə idxaldan asılıdır. Bu da qiymət artımını qaçılmaz edir. /

Google+ WhatsApp ok.ru