Bayram yarmarkaları: Paytaxtda qiymət endirimi olacaqmı?

Bayram yarmarkaları: Paytaxtda qiymət endirimi olacaqmı?

Natiq Cəfərli: “Yarmarkaya çıxarılan məhsullar kifayət qədər olsa, qiymətlər enə bilər”;Vüqar Bayramov: “Yarmarka alverçilərin satış yeri olmamalıdır”
 
Hər il bayram ərəfəsində kənd təsərrüfatı yarmarkaları təşkil edilir. Ancaq son iki ildir ki, əhali bu yarmarkalarda satılan məhsullarla bazarlarda satılan məhsulların qiymətində fərq olmamasından gileylənir.
 
Artıq Novruz bayramı ilə əlaqədar “Nərimanov”, “28 May” və “Gənclik” stansiyalarının yaxınlığında yarmarkalar quraşdırılıb. Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov mətbuata açıqlamasında həmçinin metronun “Koroğlu”, “Xətai” stansiyalarında və başqa bir neçə yerdə də bayram yarmarkalarının quraşdırılacağının gözlənildiyini və onların 20-25 gün fəaliyyət göstərəcəyini bildirib. Maraqlıdır, bayram yarmarkaları nəyi dəyişəcək? Qiymətlərdə fərq olacaqmı?
 
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, yarmarkaya çıxarılan məhsulların həcmində kifayət qədər artım olsa, qiymətlərə müsbət təsiri ola bilər: “Təbii ki, qiymətlər tələb və təklif münasibətlərindən çox asılıdır. Əgər tələb çoxdursa və məhsul bolluğu, yəni təklif azdırsa, bu, qiymətlərə elə ciddi bir təsir etməyəcək. Çünki istehsalçı, hər bir kənd təsərrüfatı ilə məşğul olan və yaxud ərzaq məhsullarının istehsalı ilə məşğul olan fermer, fiziki şəxs istəyər ki, öz məhsulunu baha satsın. Əgər rəqabətli mühit və məhsul bolluğu olarsa, o zaman istehsalçı istəyindən asılı olub-olmayaraq qiyməti tənzimləməyə məcbur qalır. Azərbaycanda problemin kökündə məhz bu məsələ dayanır. Həm istehsal azdır, həm də rəqabətli mühit kifayət qədər aşağı səviyyədədir. Ona görə də bazara çıxarılan məhsulların həcminə, tələb və təklif prinsipinə görə qiymətlər də formalaşır. Məhz bu nöqteyi-nəzərdən ola bilər ki, bu dəfə yarmarkaya çıxarılan məhsulların həcmində kifayət qədər artım olsa, qiymətlərə müsbət təsir mümkündür. Bakının əhalisi artır və bayram süfrəsi də elə bir məsələdir ki, kasıbından varlısından asılı olmayaraq, hər kəs bayramı süfrəsi arxasında ailəsi ilə qeyd edir. Ona görə də insanlar çalışır ki, bu bayramda ən azından bayram süfrəsini ailələrinin ehtiyaclarına uyğun qursunlar. Buna görə də tələbat artır. Tələbat artanda da məhsul çatışmazlığı baş verirsə, təbii ki, bu, qiymətlərə təsir göstərir və qiymətlərin artımını biz müşahidə edirik. Bunun həlli yolları haqqında saatlarla danışmaq olar. Qısa olaraq onu deyə bilərəm ki, yerli istehsalın azlığı, yerli istehsal olunmuş məhsulların qış dövrünə saxlamaq üçün kameraların olmaması və bir çox məhsullarda idxaldan asılılıq qiymətlərin artımına səbəb olur. Uzun illərdir bu baş verir. Bu barədə illərdir danışılsa da həlli yollarında kifayət qədər ciddi addımlar atılmır”.
 
Digər iqtisadçı ekspert Vüqar Bayramov isə qiymətlərin tənzimlənməsi üçün rayon icra hakimiyyəti orqanlarının da müsbət mənada müdaxiləsinə və müəyyən xərcləri öz üzərinə götürməsinə ehtiyac olduğunu dedi: “Bayram yarmarkalarının təşkilinə ehtiyac var. Rayonlarda istehsal edilib yetişdirilən məhsulların satışının həyata keçirilməsi üçün fermerlərin birbaşa yarmarkalara çıxışını təmin etməyə ehtiyac var. Bayram yarmarkaları ilə bağlı əvvəlki illərdə də aparılan monitorinqlər göstərir ki, yarmarkalarda yalnız rayonlardan birbaşa gətirilən məhsullar deyil, eyni zamanda bir sıra ərzaq məhsulları və kənd təsərrüfatı ilə məşğul olan alverçilər də yarmarkalarda öz məhsullarını satırlar. Orada yerpulu olmadığına görə topdansatış qiymətinə aldıqları məhsulu yarmarkalarda pərakəndə satış qiymətinə təklif edirlər. Yəni etiraf etmək lazımdır ki, yarmarkalardakı qiymətlərlə bazarlardakı qiymətlər arasında müəyyən fərq var. Amma fərq böyük deyil. Yarmarkanın əsas fəaliyyəti və funksiyası ondan ibarətdir ki, fərq böyük olsun və nəticədə bu, imkan versin ki, istehlakçılar daha ucuz qiymətə məhsulların alışını həyata keçirə bilsinlər”.
 
Ekspertə görə, yarmarkalara birmənalı şəkildə fermerlər öz məhsullarını gətirməli və satışını həyata keçirməlidir: “Yarmarka topdansatış qiymətə kənd təsərrüfatı məhsullarını alıb pərakəndə qiymətə satış həyata keçirən alverçilərin satış yeri olmamalıdır. Fermer təsərrüfatlarının birbaşa öz məhsullarının bazara çıxış imkanları deməkdir. Bu, birbaşa qiymətlərin də tənzimlənməsi üçün çox vacib məqamlardan biridir. Yerli, yəni rayon icra hakimiyyəti orqanları yarmarkalarda öz məhsullarını satan fermerləri pulsuz nəqliyyatla təmin etməlidir ki, o öz məhsulunu Bakıya gətirsin və bunun xərci yüksək olmasın. Ona görə də bayram dövrü qiymətlərin tənzimlənməsi üçün rayon icra hakimiyyəti orqanlarının da müsbət mənada müdaxiləsinə və müəyyən xərcləri öz üzərinə götürməsinə ehtiyac var. Yalnız bu halda yarmarkalarda münasib qiymətə məhsul əldə etmək olar”. (musavat) /

Google+ WhatsApp ok.ru