AMB 1 mlrd manatlıq qiymətli kağızlar alıb

Birjadankənar bazarda maliyyə qiymətli kağızları üzrə 1 mlrd manatlıq əqd bağlanılıb.
 
Bakı Fond Birjası hələ nə tərəfləri, nə də əqd predmetini açıqlayır. Amma aydındır ki, söhbət “Aqrarkredit” QSC qeyri-bank kredit təşkilatının 3 mlrd manat faizli təminatlı istiqrazlarının ilk hissəsindən gedir.
 
İstiqraz buraxılışı bu il avqustun 26-da qeydiyyata alınıb. Onların ödənilmə müddəti və dərəcəsi barədə məlumat verilmir.
 
İstiqrazları prezident İlham Əliyevin bu ilin 15 iyul tarixli Azərbaycan Beynəlxalq Bankının özəlləşdirmə öncəsi maliyyə sağlamlaşdırılması haqqında fərmanında nəzərdə tutulduğu kimi Mərkəzi Bank alıb. Bu bankda dövlətin payı 51,7%-dir. ABB pis maliyyə menecmenti üzündən çoxmilyardlı problemli kreditlərlə üzləşib.
 
İstiqrazlar “Aqrarkredit”in ABB-nin pis aktivlərini alması üçün buraxılıb.
 
ABB-də dövlətin payının özəlləşdirilməsi təklifləri gələn il yanvarın 1-dək dövlət başçısına təqdim edilməlidir. 

Google+ WhatsApp ok.ru