AMEA-da Məhəmmədhüseyn Şəhriyara həsr edilən elmi-praktiki konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Ədəbiyyat İnstitutu və İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Məhəmmədhüseyn Şəhriyara həsr edilmiş “Şəhriyar şeir ənənələri və müasirlik” mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın vitse- prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Məhəmmədhüseyn Şəhriyarın zəngin ədəbi yaradıcılığından, XX əsr Şərq poeziyasının inkişafında rolundan, ədəbiyyata verdiyi töhfələrdən danışıb.
 
Sentyabrın 15-də İran İslam Respublikasının Təbriz şəhərində “Məhəmmədhüseyn Şəhriyarın mədəniyyət ordeni”nin təqdimat mərasiminin keçirildiyini söyləyən İ. Həbibbəyli tədbir çərçivəsində şairin yaradıcılığını araşdıran görkəmli alimlərə “Məhəmmədhüseyn Şəhriyarın mədəniyyət ordeni”nin təqdim edildiyini bildirib.
 
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin M.Şəhriyarı XX əsrin ən görkəmli şairlərdən biri olduğunu deyib, Azərbaycan və İran ədəbiyyatlarının fəxri kimi dəyərləndirib.
 
Azərbaycan-İran əlaqələrindən də söz açan M.Pakayin iki ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni, humanitar və digər sahələrdə münasibətlərin sürətlə inkişaf etdiyini bildirib.
 
Daha sonra AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “Ustad Məhəmmədhüseyn Şəhriyar haqqında söz” mövzusunda məruzəsi dinlənilib.
 
Tədbirdə çıxış edən akademik Vasim Məmmədəliyev, Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məhərrəm Qasımlı, İran Mədəniyyət Mərkəzinin sədri, İbrahim İbrahimli və başqaları Şəhriyarın yaradıcılığının ayrı-ayrı istiqamətləri barədə fikir və mülahizələrini bölüşüblər.

Google+ WhatsApp ok.ru