ATƏT-in fəaliyyətinin dayandırılması iqtidara nə vəd edir?

Fuad Qəhrəmanlı: «Bu addım beynəlxalq aləmdə hakimiyyətə qarşı addımların sərtləşməsinə, münasibətlərin gərginləşməsinə gətirib çıxaracaq»

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Azərbaycanda iyulun 3-də fəaliyyətini dayandırdı. Bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb. “ATƏT Azərbaycan ilə əməkdaşlığın digər formalarına açıqdır”,- deyə mətbuat xidmətindən bildirilib. Məlumatda vurğulanıb ki, ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Ofisi Azərbaycan hökuməti və ATƏT arasında imzalanan “Bakıda layihə əlaqələndiricisi ilə bağlı qarşılıqlı anlaşma memorandum”nu ötən həftə Azərbaycanın dayandırması ilə əlaqədar öz fəaliyyətinə son verir.

ATƏT-lə Azərbaycan hakimiyyəti arasında yaşanan gərginlik bu cür sonluqla bitdi. Xatırladaq ki, hər şey Prezident Administrasiyası rəhbərinin müavini, qurumun xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun bir ay əvvəl “twitter” hesabında yazdığı statusundan sonra baş verdi. Əslində bu status bir çox mətləblərə aydınlıq gətirdi. N.Məmmədov ATƏT-in Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyət mandatının dayandırıldığını yazmışdı. Sonradan məlum oldu ki, ABŞ-ın ATƏT-dəki səfiri D.Bayer Aleksis Şahtaxtinskiyə I.Əliyevlə şəkil çəkdirdiyinə görə irad tutub.
Daha sonra Azərbaycan hakimiyyətinin atdığı addımlar gərginliyi daha da dərinləşdirdi. Azərbaycan Xarici Işlər Nazirliyi Layihə Koordinatorluğunun bağlanması üçün nota verdi. Bu, ABŞ-la Azərbaycan hakimiyyəti arasında yeni qalmaqal kimi qiymətləndirilirdi. Çünki iqtidar Şahtaxtinskinin geri çağırılmasını məhz ABŞ-ın təkidilə baş tutduğunu iddia edirdi. XIN-in notasından sonra Vyanada ATƏT-in Daimi Şurasının iclasında da ABŞ-ın şuradakı səfiri Daniel Baer məsələyə sərt reaksiya verdi. O bildirdi ki, Azərbaycan Layihə Koordinatorunun işilə bağlı Anlaşma Memorandumundan imzasını geri götürmək barədə xəbərdarlıq edib. “Bu, çox məyusedicidir, bunu başqa cür ifadə etmək mümkün deyil”,- deyə səfir Baer bildirdi. Səfir həmçinin Layihə Koordinatorunun 57 üzv dövlətin razılaşdığı siyasi mandatla fəaliyyət göstərdiyini və onu yalnız konsensus qərarla ləğv etməyin mümkün olduğunu vurğuladı. Lakin Azərbaycan hakimiyyəti bundan sonra da mövqeyindən geri çəkilmədi. ATƏT-in Bakı ofisinə iyulun 5-nə qədər vaxt verildi.
Amma ATƏT-in Bakı ofisi bağlanışdan əvvəl yaydığı bəyanatda qeyd edirdi ki, təşkilat geri çəkilmək niyyətində deyil. ATƏT-in mətbuat mərkəzindən bildirildi ki, Layihələr Koordinatorluğuna dair qarşılıqlı anlaşma memorandumunun ləğv edilməsi ATƏT çərçivəsində Azərbaycanla əməkdaşlığa heç bir formada zərbə vurmur. Qeyd olundu ki, ATƏT-in Bakıdakı Layihələr Koordinatorluğunun mandatı 31 dekabr 2015-ci il tarixinədək qüvvədədir. Bu qərar ATƏT-in Daimi Şurasının 27 noyabr 2014-cü il tarixli iclasında təşkilatın üzvləri ilə konsensus çərçivəsində qəbul edilib. Nəticədə ATƏT-in və ABŞ-ın bəyanatlarına baxmayaraq hakimiyyət mötəbər bir təşkilatın Azərbaycandakı fəaliyyətinə son qoydu. Əslində baş verənlərə Qərblə qarşıdurmada növbəti mərhələ kimi baxmaq olar. Çünki Qərbin bundan sonrakı addımlarının daha sərt olacağı gözlənilir.
Bəs Azərbaycan hakimiyyətinin bu addımı Azərbaycana nə vəd edir? Bu qərar hansı fəsadlar doğura bilər?

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, ATƏT-in Bakıdakı Layihə Koordinatorluğunun fəaliyyəti 57 ölkənin imzaladığı saziş əsasında tənzimlənirdi. F.Qəhrəmanlının sözlərinə görə, hazırda birdən-birə fəaliyyətin dayandırılması o deməkdir ki, Azərbaycan tərəfi bu məsələdə israrçı mövqe tutub: “Baş verənlər göstərir ki, Azərbaycan hakimiyyəti ATƏT-in Bakı Layihə Koordinatorluğunun fəaliyyətinə birmənalı razılıq verməyib. Təbii ki, bu fəaliyyət bütün hallarda hakimiyyətlə razılaşdırılmış şəkildə həyata keçirilir. Amma bu, ATƏT-in siyasi baxımdan geri çəkilməsi demək deyil. Çünki ATƏT-in bundan əvvəlki mövqeyində Bakının yanaşması ilə razılaşmadıqları ifadə olunmuşdu. Bundan sonrakı proseslər böyük ehtimalla siyasi gərginliklə müşahidə olunacaq. Yəqin ki, bu məsələ ATƏT səviyyəsində müzakirə olunacaq və baş verənlərə münasibət bildiriləcək. Çünki ATƏT-in bundan əvvəlki mövqeyində bəyan olunurdu ki, təşkilat 57 ölkənin verdiyi mandat ilə dekabrın 31-nə qədər fəaliyyətini davam etdirəcək”.
ATƏT-in mövqeyini Bakının nəzərə almadığını deyən F.Qəhrəmanlı bildirdi ki, Azərbaycan israrı ilə ATƏT-in Bakıdakı fəaliyyətinin qarşısını aldı. Hakimiyyətin atdığı addımın birbaşa ATƏT-ə qarşı yönəldiyini F.Qəhrəmanlı vurğuladı ki, bu, ATƏT-lə münasibətlərin korlanması deməkdir: “Güman ki, artıq bu məsələ geniş müzakirə olunduqdan sonra Azərbaycan tərəfin mövqeyinə adekvat münasibət bildiriləcək. Bu, ATƏT-in praktikasında çox xoşagəlməz bir haldır və təşkilatın nüfuzuna mənfi təsir göstərəcək. Ona görə də qurum tərəfindən məsələyə ciddi reaksiya veriləcəyi gözləniləndir. Təbii ki, ATƏT hər hansı təzyiq, sanksiya mexanizminə sahib deyil. Burada daha çox söhbət ATƏT-lə müxtəlif sahələrdəki əməkdaşlığın zifləməsindən və üzv olan dövlətlərin Azərbaycana qarşı münasibətinin sərtləşməsindən gedəcək. Bu olay beynəlxalq səviyyədə müxtəlif Avropa qrumlarının Azərbaycana münasibətinin daha da sərtləşməsinə təsir göstərəcək. Azərbaycana qarşı yönələn tənqidlərin üslubu sərtləşəcək”. Eyni zamanda baş verən hadisənin ATƏT-lə Azərbaycan hakimiyyəti arasında parlament seçkisi ilə bağlı əməkdaşlığı şübhə altına alacağını deyən F.Qəhrəmanlı bildirdi ki, hakimiyyət ATƏT-ə qarşı bu cür münasibət sərgiləməklə həm də onun mesajını verir ki, təşkilatın parlament seçkilərini müşahidə etməsinə müsbət yanaşılmır. “ATƏT-in müşahidə etmədiyi, müsbət rəy vermədiyi seçkini də təbii ki, beynəlxalq aləm ədalətli seçki kimi qəbul etməyəcək. Ona görə də baş verənləri təkcə ATƏT çərçivəsində götürmək olmaz. Bu addım yaxın gələcəkdə beynəlxalq aləmdə Azərbaycan hakimiyyətinə qarşı siyasi, diplomatik təzyiqləri daha da stimullaşdıraraq münasibətlərin gərginləşməsinə gətirib çıxaracaq. Ona görə də baş verən hadisə Azərbaycanın beynəlxalq təcrid istiqamətində atdığı arzuolunmaz addım kimi dəyərləndirilməlidir”, deyə F.Qəhrəmanlı vurğuladı.

Google+ WhatsApp ok.ru