Avropa Oyunlarının açılış günündə Bundestaq Azərbaycandakı repressiyaları müzakirə edəcək

“Sərhədsiz Reportyorlar” təşkilatı Almaniya Olimpiya Komitəsini ilk Avropa Oyunları başlayana qədər Azərbaycandakı siyasi məhbsuların azad edilməsi üçün bu tələblə çıxış etməyə çağırıb. Təşkilatın nümayəndəsi Kristian Mir Berlində çıxış edərək bildirib ki, Almaniya Olimpia Komitəsinin sədri Mixail Vesper Azərbaycandakı bütün siyasi məhbusların azad edilməsi üçün qəti və birmənalı çıxış etməlidir:  “Biz hesab edirik ki, Almaniya Olimpiya Komitəsi Azərbaycanda siyasi məhbus həyatı yaşayan insanlara dəstək məqsədilə hakimiyyətin yaratdığı bu vəziyyəti birmənalı şəkildə tənqid etməkdən çəkinməməlidir”. 
 
Təşkilat, eyni zamanda yarışlara sponsorluq edən şirkətləri siyasi məhbusların azad edilməsi kampaniyasına qoşulmağa çağırıb.
 
Bu arada bəlli olub ki, iyunun 12-də - Avropa Oyunlarının açılış günündə Almaniya parlamenti Azərbaycandakı repressiyaları müzakirə edəcək. Maraqlı cəhət ondan ibarətdir ki, parlament iclasının gündəliyinə iki sənəd layihəsi təqdim edilib. Bunlardan birini hakim koalisiya, digərini isə müxalifət fraksiyaları təqdim edib. Hər iki sənəd Azərbaycandakı insan hüquq və azadlıqlarının mövcud vəziyyətini və demokratiya və qanunun aliliyinin təmin edilməsi məsələlərini nəzərdə tutur. Bu barədə “Fokus” jurnalı məlumat yayıb.
 
Jurnal xatırladır ki, Azərbaycada son bir ildə güclü repressiyalar həyata keçirilib. Bu dalğada bütün dünyanın araşdırmaçı jurnalist kimi tanıdığı Xədicə Ismayıl həbs edilib, “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzi xuliqanlıq ittihamı ilə 5 il müddətinə azadıqdan məhrum edilib. 2014-cu ilin avqust ayında Naxçıvanda yaşayan jurnalist İlqar Nəsibov amansızcasına döyülüb. Leyla Yunus və həyat yoldaşı Arif Yunus, onlardan daha öncə isə müstəqil jurnalist Rauf Mirqədirov həbs edilib.
 
Ötən bir il ərzində azad mətbuatın susdurulması üçün kampaniya davam etdirilib. “Azadlıq” radiosunun Bakı ofisi bağlanıb. Müxalif “Azadlıq” qəzeti aramsız olaraq təzyiqlərə məruz qalır. Hökumətə bağlı olan “Qasid” firması “Azadıq” qəzetinə 67 min avro borclu qalıb və bu borcu ödəmir. Rusdilli “Zerkalo” qəzeti isə ötən il çapını dayandırmalı olub.

Google+ WhatsApp ok.ru