Avropa Parlamentinin arayışı hakimiyyəti təşvişə saldı

Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət bütün dünya ilə münasibətləri korlayıb. Dünyanın nüfuzlu nəşrləri ard-arda Azərbaycan hakimiyyətinin antidemokratik mahiyyətini əks etdirən məqalələr dərc edir, beynəlxalq təşkilatlar Azərbaycanla bağlı real hesabatlar yayır, ABŞ, Avropa Birliyi Azərbaycanla bağlı məsələni gündəmə gətirir, hakimiyyəti öhdəliklərə əməl etməyə çağırır. Azərbaycan hakimiyyəti isə bu tənqidlərdən nəticə çıxarmaq əvəzinə öz qanunsuz əməllərinə haqq qazandırmaq yolunu tutub. Məhz buna görə də hakimiyyət təmsilçiləri gecə-gündüz Qərb əleyhinə kampaniya aparır, Qərb ölkələrinə müxtəlif ittihamlar atmaqla özünü sığortalamağa çalışır.
 
Avropa Parlamentinin sifarişilə Azərbaycandakı siyasi vəziyyətdən bəhs edən geniş bir arayışın hazırlanması isə hakimiyyəti daha aqressivləşdirdi və komandada təşviş hiss olunmağa başladı. Avropa Parlamentinin saytında yerləşdirilmiş sənədin Azərbaycanla bağlı siyasətin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyəti var. Sənəddə Azərbaycanın xüsusən son illərdə demokratik dəyərlərdən xeyli uzaqlaşaraq avtoritarizmə yuvarlanmasından bəhs olunur. Bu sənəddə demokratik qüvvələr haqqında müsbət fikirlərin yer alması, Azərbaycan müxalifətinin xarici siyasət priortitetlərinin vurğulanması hakimiyyətin “təzyiq”ini daha artırdı. “Ilham Əliyev Azərbaycandakı siyasi partiyalara manevr imkanı verməməklə ölkənin siyasi sistemində özünə ”hər şeyə qadir" rol oynayır. Hökumətin Avropa Birliyilə tərəfdaşlığı strateji enerjiyə əsaslanır. Bu ölkədə kiçik və dağınıq halda olan müxalifət, eləcə də vəkillər ölkədə demokratiya, insan haqları və yaşayış şəraitinin yaxşılaşdırılması üçün Avropa Birliyi ilə Assosiasiya Sazişi imzalanmasını ən uyğun yol hesab edirlər"- deyə arayışda bildirilir.
 
Milli Məclisin deputatı Musa Quliyev Azərbaycanla bağlı arayışın hazırlanmasına belə münasibət bildirib: “Avropa Parlamentinin Azərbaycanla bağlı arayışı gerçəkliyi qətiyyən düzgün əks etdirmir. Bu gün Azərbaycanda azad mətbuat var, internet sərbəst şəkildə fəaliyyət göstərir, müxtəlif saytlar yaradılıb və açıq şəkildə hökuməti tənqid edirlər, Azərbaycanda mətbuat üzərində senzura yoxdur. Azərbaycanda qətiyyən avtoritarizm mövcud deyil”. 
 
YAP-çı deputat Siyavuş Novruzov isə məlum arayışın Azərbaycana qarşı qərəzin göstəricisi olduğunu bildirib: “Avropa Parlamentində ayrı-ayrı qruplar var ki, bu gün antiAzərbaycan fəaliyyəti ilə məşğul olur. Bunun da səbəbi odur ki, Azərbaycanın iqtisadi inkişafı, Azərbaycanda gedən islahatlar, Azərbaycanın beynəlxalq layihələrin həyata keçirilməsində özünün mövqeyi, rolu, Azərbaycanda keçiriləcək böyük beynəlxalq tədbirlər və ictimai-siyasi sabitlik bir çox ölkələri narahat edir. Bu, Azərbaycana qarşı qərəzli münasibətin göstəricisidir. Azərbaycandakı real vəziyyəti əks etdirməyən mövqe nümayiş etdirirlər. Fikir verirsinizə, son dövrdə Avropa Parlamentində mütəmadi olaraq ancaq Azərbaycan məsələsi müzakirə olunur”.
 
Göründüyü kimi, bu münasibətlərdə ittihamlara konkret cavab verilmir. Ənənəvi olaraq “pis özünsən” tipli fikirlər səslənir. Son günlər telekanallarda, hökumət mediasında  Avropa Parlamnetinin kəskin tənqid olunması da məhz bu arayışda müxalifətin mövqeyinə istinad edilməsidir. Çünki, uzun illər ərzində Azərbaycan hakimiyyəti real müxalifəti təcrid etmək, cib müxalifətini dünyaya sırımaqla məşğul olub. Bu arayışda səslənən fikirlər isə hakimiyyətin “əməyi”nin hədər getdiyini, yalanların ifşa olunmasını göstərir.
 
Daha dəqiq ifadə etsək, dünyanın Azərbaycan hakimiyyətinə real alternativ ola biləcək qüvvələri tanıması hakimiyyət  komandasını təşviş keçirməyə məcbur edib.(Azadlıq)

Google+ WhatsApp ok.ru