Avtomobilini sığorta edənlərin nəzərinə

Avtomobil sahiblərinin icbari sığortadan yayınmasının qarşısının alınması məqsədilə təkliflərin hazırlanması, eləcə də, sahibi sığortalanmayan avtomobillərin yol hərəkətindən kənarlaşdırılması ilə bağlı qanunvericiliyə dəyişikliklər layihəsinin hazırlanması gözlənilir.
 
Bu barədə məlumat təsdiq olunmuş sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planında yer alır.  
 
Tədbirlər Planına əsasən, avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğinin tədricən artırılması üçün  qanunvericiliyə dəyişikliklərin edilməsi barədə təkliflər hazırlanacaq.
 
Eləcə də, avtomobillər və daşınmaz əmlaklar üzrə sığorta hadisələri zamanı dəyən zərərin məbləğinin hesablanması üçün standartların hazırlanması nəzərdə tutulub.
 
Qeyd edək ki, Tədbirlər Planında sığorta ödənişlərinin sadələşdirilməsi məqsədilə İKT-nin imkanlarından daha geniş istifadə nəzərdə tutulur. Belə ki, avtomobil qəzaları ilə bağlı arayışın alınmasının sadələşdirilməsi üçün İcbari Sığorta Bürosunun informasiya sisteminin Daxili İşlər Nazirliyinin müvafiq informasiya sistemi ilə əlaqələndirilməsi gözlənilir.

Google+ WhatsApp ok.ru