Azərbaycan İrəvanda keçiriləcək “EuroNest” iclasında iştirak etməkdən imtina edib

Azərbaycan “EuroNest”in 2015-ci il 16-20 mart tarixlərində İrəvanda keçiriləcək parlament Assambleyasının dördüncü plenar iclasında iştirak etməyəcək.
 
"Kavkazski uzel" yazır ki, “EuroNest”in parlament Assambleyasının dördüncü plenar iclasının İrəvanda keçirilməsi qərarı 2013-cü ildə “EuroNestin” büro iclasında təsdiq edilmişdi.
 
“Keçən il Kiyevdə keçirilən büro iclasında, mən “EuroNest”in parlament Assambleyasının dördüncü plenar iclasının İrəvanda keçirilməsinə qarşı protest irəli sürdüm. Azərbaycan torpaqları azad olmadığı, Sərsəng su anbarında humanitar fəlakətin dayanmadığı təqdirdə Azərbaycan heyəti “EuroNest”in İrəvanda keçirilən heç bir tədbirində iştirak etməyəcək”, - Azərbaycan heyətinin rəhbəri Elxan Süleymanov bildirib.
 
Onun sözlərinə görə Azərbaycan heyəti həmçinin Ermənistanın həmsədrliyinə də etiraz bildirib.
 
“Sessiyanın İrəvanda keçirilməsi Azərbaycan üçün təhqirdir. Bu “EuroNest”in ikili standartlarının və avropa institutlarının Azərbaycana subyektiv münasibətinin göstəricisidir. Daima insan haqları, demokratiya haqqında danışan bir təşkilat işğalçı-ölkədə necə tədbir keçirə bilər?”, - “Trend” Azərbaycan bnümayəndə heyətinin rəhbərinin sözlərini sitat gətirir.
 
Xatırladaq ki, “EuroNest” Parlament Assambleyasının sessiyası ildə bir dəfə keçirilir.
 
“EuroNest” 2011-ci ilin may ayında Brüsseldə, Aİ-nın altı postsovet məkanı ölkələrinin – Azərbaycan, Ermənistan, gürcüstan, Ukrayna, Moldova və Belarusiyanın daxil olduğu “Şərq əməkdaşlığı” təşəbbüsünün tərkib hissəsi kimi təsis edilib. Sonuncu ölkənin “Şərq əməkdaşlığı” təşəbbüsündə üzvlük məsələsi ölkədə demokratiya və insan haqları məsələləri ilə əlaqədar olaraq dondurulub.

Google+ WhatsApp ok.ru