Azərbaycanda dollar bahalaşır

Son günlər sosial şəbəkələrdə ölkədə dollar qıtlığının yaranması səbəbindən ABŞ valyutasının bahalaşması barədə məlumatlar yer alır. Problemə əsas kimi valyuta dəyişmə məntəqələrində dolların satışdan yığışdırılması, vətəndaşların manatı dollara dəyişməsi göstərilir. Mövzunu araşdırmağa çalışdıq. Bunun üçün valyuta dəyişmə məntəqələrinə üz tutduq. 
 
"Bizdə yox, Rusiyada dollar tapılmır". Bu sözləri "Atrabank"ın valyuta mübadilə şöbəsinin əməkdaşı bildirdi. "Bildiyimiz kimi, azərbaycanlıların əksəriyyəti iş tapmaq üçün Rusiyaya yollanıblar. İşləyib ordan ailə üzvlərinə, qohumlarına pul göndərirlər. Son zamanlarda pulu daha çox rublla göndərirlər. Çünki bu ölkədə xarici valyuta, dollar, ya da avro tapmaq müşkül məsələyə çevrilib. Buna səbəb son günlərdə Rusiyada rublun kəskin şəkildə ucuzlaşmasıdır. Bu səbəbdən yerli əhali dollara üstünlük verir. Bu da dolların qıtlığına səbəb olur. Rublun ucuzlaşmasının səbəbi də hamımıza məlumdur. Qərb ölkələri Rusiyaya müəyyən iqtisadi sanksiyalar tətbiq ediblər. Onun nəticəsində rubl ucuzlaşıb", deyə bank işçisi sözlərinə əlavə elədi. 
 
Həmsöhbətim bildirdi ki, son zamanlar kütləvi şəkildə manatın dollara dəyişməsi faktı ilə rastlaşmayıb: "İqtisadiyyatdan, maliyyədən geniş anlayışı olmayan, maraqlanmayan insanlar elə bilirlər ki, rublun taleyini manat da yaşayacaq. Adi insanların düşündüklərinə görə,  Rusiyada vəziyyət yaxşıdırsa, bizdə də yaxşıdır, pisdirsə, bizdə də pis olacaq. Düzdür, hər iki ölkə neft ölkəsidir, neft iqtisadiyyatın əsasını təşkil edir, bu ölkələr arasında müəyyən iqtisadi bağlılıqlar da var. Amma bu hər şey deyil. Doğrudur, cüzi də olsa manat ucuzlaşıb. Bu da stabil deyil. Elə gün, yaxud da elə saat olur ki, manatın qiyməti yenə bahalaşır. 
 
Bəli, iş adamları vəsaitlərinin müəyyən hissəsini dollara çevirib saxlayırlar. Bu da həmişə belə olub və kütləvi hal deyil".
 
"Kapital Bank"ın valyuta mübadilə şöbəsinin əməkdaşı "Bizim Yol"a bildirib ki, Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsi ilə valyutaların alqı-satqısını təşkil edirlər: "İstər milli valyuta, istərsə də xarici valyutada qıtlıq müşahidə olunmur. Xüsusən, dollarla bağlı heç bir problem yaşanmır. Hər hansı bir mövzuda açılmış müzakirə heç də həmişə reallığı əks etdirmir. Dedi-qodu olur. Hamı bilsin ki, hər şey qaydasındadır". 
 
Öyrəndik ki, Azərbaycan məzənnəsində 1 ABŞ dolları 0.7844 manat, 1 avro 0.9684 manat və 1 rubl 0.0131 manat təşkil edir. 
 
İqtisadçı-ekspert, Azərbaycan Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov da nikbin proqnoz verdi: "Uzağı yanvarın sonlarında rublun qiyməti qalxacaq. Manatın ucuzlaşma qorxusu  yoxdur. Açıq deyək, vətəndaşlarımızı manatın ucuzlaşıb-ucuzlaşmaması maraqlandırmır. Sirr deyil ki, ölkə əhalisinin 80 faizdən artığının ayın əvvəlində aldığı maaşı həmin ay sona çatmamış xərcləyib qurtarır. Yəni büdcəsində gələn ay üçün pul qalmır. Axı bazara nisbətən aldığı pul yüksək maaş sayıla bilməz. 
 
Bir sözlə panika yaratmağa  gərək yoxdur. Ölkəmizdə xarici valyuta qıtlığı ilə bağlı problem yaşanmır. Rusiyada da vəziyyət yaxşılaşacaq. Kimlərsə məqsədli şəkildə cəmiyyətdə panika yaradıb, qazanmaq istəyir. Buna imkan verməmək lazımdır". 

Google+ WhatsApp ok.ru