Azərbaycan bankları da haker hücumuna məruz qala bilər

Rusiyanın antivirus proqram təminatının aparıcı istehsalçılarından olan “Kasperski Laboratoriyası” şirkəti hakerlərin Rusiya ərazisində yerləşən banklardan 300 milyon dollar oğurlamasını elan edib. 
 
“The New York Times” nəşrinin yazdığına görə, “Kasperski Laboratoriyası”nın mütəxəssisləri qeyd olunan məbləğin daha çox olduğunu istisna etmir.  Şirkətin Şimali Amerika bölməsinin rəhbəri Kris Doqqet qeyd edib ki, fırıldaqçılar əməllərinin gizlədilməsi üçün təkmilləşdirilmiş  taktikalardan istifadə etməklə, qanunsuz fəaliyyətlərini  2 il davam etdirə biliblər. Nəşrin məlumatına görə, Rusiya, Çin və bir sıra Avropa dövlətlərindən olan hakerlər  ziyanverici proqram təminatını 30 ölkənin ərazisində yerləşən bankların kompüter sisteminə yeridə bilib.
 
Beləliklə, kiber-cinayətkarlar maliyyə qurumlarının insayder məlumat bazasına yol taparaq böyük məbləğdə pul vəsaitlərini köçürməyə müvəffəq olublar. “Kaspersky Laboratioriyası” şirkətinin məlumatına görə, kibercinayətkarlar “Carbanak” adlı haker əməliyyatı ilə bunu həyata keçiriblər və dünyanın 100-dən çox maliyyə təşkilatından 1 milyard dollardan artıq pul vəsaiti oğurlayıblar. Məsələ ilə bağlı “Evropol” və “İnterpol” müştərək təhqiqat aparıb. Mütəxəssislər hesab edir ki, bu cinayət əməlinin arxasında Rusiyadan, Ukraynadan, digər Avropa ölkələrindən və Çindən olan kiber-cinayətkarlar dayanır. Hər dəfə dünyanın bank şəbəkəsinə hücum zamanı ən çox oğurlanan pulun miqdarı 10 milyon dollar olub. Pul banklardan onlayn ödəniş sistem vasitəsilə çıxarılıb. Hakerlər Çində və Amerika banklarında özlərinə hesab açıblar. Lakin ekspertlər cinayətkarların digər ölkələrin banklarında da hesablarının olduğunu istisna etmirlər...
 
Maraqlıdır, Azərbaycan banklarına da haker hücumu ola bilərmi? Bizim banklarda bunun qarşısını alacaq tədbirlər görülübmü?
 
İqtisadçı ekspert Samir Əliyev "Yeni Müsavat"a haker hücumunun hər an ola biləcəyini deyib: “Haker hücumundan heç kim sığortalanmayıb. Nəinki banklar, hətta dövlət qurumlarının özləri haker hücumuna məruz qalırlar. Hansı ki, dövlət qurumlarının təhlükəsizlik sistemi daha üstündür. Hətta dünyanın aparıcı ölkələrində  - Amerikada, Avropanın özündə də banklar haker hücumuna məruz qalır. İnformasiya texnologiyalarının inkişaf etməsinin üstünlükləri ilə yanaşı riskləri də var. Tutaq ki, maaş alanda nağd pul götürürsünüz. Onu cibinizdən kimsə oğurlamasa, pul sizdə qalacaq. Amma elektron qaydada, maaş kartları ilə alanda müəyyən risk yaranır. Çox adam maaşlarını kartdan tamamilə çəkmir, üstündə pul gəzdirməkdənsə, kart gəzdirməyi üstün tuturlar. 
 
Bununsa riski ondan ibarətdir ki, kimsə sizin kodunuzu götürə bilər və ya haker girib kartsız da sizin pulunuzu götürə bilər. Belə hallara tez-tez rast gəlinir. Məlum olur ki, hansısa başqa ölkədən sizin kartınızdan pul çıxarılıb. Azərbaycan banklarına da haker hücumu riski var.  Burada bankların üzərinə məsuliyyət düşür. Bu baxımdan ki, banklar maksimum təhlükəsizlik sisteminə malik olan proqramlar tətbiq etməlidir. Çünki burada vətəndaşın vəsaitinin itirilməsindən söhbət gedir. Bu sahədə də bizdə banklar işləyir. Onu deyim ki, bizdə hələ ki hesablardan böyük məbləğdə pulların çıxarılması hallarına rast gəlinməyib. Bu kimi hallar baş veribsə belə, bu, ictimaiyyətə açıqlanmayıb. Amma ümumən götürdükdə heç kim haker hücumundan sığortalanmayıb”.    
 
Qeyd edək ki, ümumilikdə 30 min şirkət hər gün haker hücumuna məruz qalır. “PwC” şirkətinin tədqiqatında bildirilir ki, hücumlar nəticəsində  kiçik və orta şirkətlərə 65-115 min funt-sterlinq (99-175 min dollar) dəyərində ziyan gəlir. Bəzi şirkətlər ildə altı dəfə kibercinayətkarların qurbanı olur. Böyük müəssisələr itkilərin öhdəsindən tez gəldiyi halda, kiçik və orta şirkətlər üçün bu məbləğdə xərclər fəaliyyətin dayanmasına səbəb ola bilər. Bundan əlavə, hər gün təxminən 250 min yeni virus yaradılır, hücumlar isə getdikcə daha da ciddiləşir. Ekspertlərin fikrincə, şirkətlər şəbəkədə cinayətkar fəaliyyət nəticəsində ciddi ziyana uğramamaq üçün etibarlı mühafizə sistemi qurmalıdırlar.

Google+ WhatsApp ok.ru