Azərbaycandakı repressiyalar Avropa Parlamentində müzakirəyə çıxarılır

İyunun 10-da Brüsseldə «İdman və insan haqları - Bakıda keçiriləcək Avropa Oyunları kontekstində» mövzusunda dinləmələr keçiriləcək

Avropa Parlamenti iyunun 10-da Azərbaycandakı repressiyaları müzakirəyə çıxaracaq. Parlamentarilər Bakıda keçiriləcək Avropa Oyunları fonunda “turnirə ev sahibliyi” edən ölkədə insan hüquqlarının vəziyyəti təhlil edəcəklər. Bu barədə Avropa Parlamentinin saytında məlumat yayılıb. Artıq müzakirələrin mövzusu da bəllidir: “Idman və insan haqları - Bakıda keçiriləcək Avropa Oyunları kontekstində”.
 
Avropa Parlamenti müzakirələrlə bağlı məlumatını təqdim edirik:
 
“Böyük idman tədbirlərinin, bütövlükdə idmanın əhəmiyyəti təkcə idmansevərlərin diqqətilə məhdudlaşmır. Idman və idman yarışları insan hüquqlarının müdafiəsi və təbliği baxımından böyük əhəmiyyət daşıyır. Insan hüquqlarına tam hörmət, həmçinin şəffaflığın, məsuliyyətli davranışın dəstəklənməsi baxımından idman federasiyaları, idman turnirlərinə ”ev sahibliyi" edən ölkə və şəhərlər, həmçinin bu cür tədbirlərə sponsorluq edənlər birbaşa məsuliyyət daşıyır.  
 
Böyük idman tədbirləri həmin turnirlərə “ev sahibliyi” edən ölkələrin hökumətlərinə insan hüquqlarının inkişafı üçün təsir imkanı yaradır. Yerli və beynəlxalq medianın bu prosesdə xüsusi məsuliyyəti və rolu var. Bütün jurnalistlərə, o cümlədən Avropa Birliyinə üzv olan 28 dövlətin media təmsilçilərinə turnirin keçirildiyi ölkəyə gəlib işini görə bilməsi üçün açıq və maneəsiz imkan yaradılmalıdır.
 
Idman tədbirlərindən bəzən “ev sahibliyi” edən ölkənin hökumətləri, o cümlədən avtoritar rejimlər beynəlxalq aləmdə öz nüfuzunu artırmaq məqsədilə yararlanmağa çalışır. Bakıda keçiriləcək Avropa Oyunları kimi beynəlxalq idman yarışlarının açılışı özü-özlüyündə həm də Avropa Birliyi üçün vacib və həssas seçim imkanıdır. Adətən açılış mərasiminə dünya liderləri də dəvət olunur. Bu da avtoritar rejimlərə öz hakimiyyətləri legitimləşdirmək, yerli və beynəlxalq ictimai rəydə imiclərini yaxşılaşdırmaq imkanı yaradır.
 
Azərbaycana gəlincə, Avropa Oyunları öncəsi ölkənin tanınmış hüquq müdafiəçiləri, jurnalistləri və digər müstəqil səsləri həbsxanaya salınıb. Azərbaycan hökuməti bu turnirdən ölkənin qlobal reputasiyasını artırmaq məqsədilə yararlanmağa çalışır.
 
1. Avropa Birliyi Şurası, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı insan haqlarına hörmət və demokratiyanın Avropa Ittifaqının əsas dəyərləri olduğunu nəzərə alaraq, idman və insan haqları arasındakı əlaqə barədə nə düşünür? Avropa Birliyi Şurası və üzv dövlətlər insan hüquqları və universal dəyərləri kollektiv şəkildə müdafiə etmək üçün Bakıda keçiriləcək Avropa Oyunları kimi unikal imkandan istifadə edə bilərmi?
 
2.Avropa Birliyi Şurası, ali komissar Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi və digər böyük idman federasiyalarını beynəlxalq idman tədbirlərinin keçirilməsi barədə qərar verərkən insan hüquqlarına hörmət məsələsini əsas şərtlərdən biri kimi nəzərə almağa çağıracaqmı?"(Azadlıq)

Google+ WhatsApp ok.ru