Azərbaycanda benzinin qiyməti ucuzlaşmayacaq?

Hökumət yenə əsassız bəhanələr uydurur

Son bir neçə aydır ki, dünya bazarında neftin qiyməti xeyli ucuzlaşıb. Bunun nəticəsində bir çox ölkələrdə benzinin qiymətində azalmalar var. Ölkəmizə xaricdən alınan “Premium” benzinin (Avro 95) qiymətində isə azalma yoxdur.

Bəs, görəsən ölkəmizdə benzinin ucuzlaşması gözlənilirmi?

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev azvision.az-ın sorğusuna cavab olaraq bildirib ki, ölkə ərazisində istehlak olunan benzinin əksər hissəsi (təxminən 95%-i) AI-92 markalı benzindir və bu markalı benzin daxildə istehsal edilir.

Nazirlik rəsmisinin sözlərinə görə, Tarif Şurası 2013-cü il dekabrın 3-də AI-92 markalı benzinin pərakəndə satış qiymətini hər litr üçün 70 qəpik müəyyənləşdirib.

Dünya bazarında xam neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycanda benzinin qiymətinin aşağı salınmamasına gəlincə, AI-92 markalı benzinin qiymətinin formalaşmasına (maya dəyərinə) təsir edən xərclər (xam neftin hasilatına və emalına çəkilən xərclər, qiymətə daxil olan vergilər və s.) qiymətin müəyyənləşdirildiyi tarixdən dəyişməyib: “Eyni zamanda, AI-92 markalı benzin daxili istehsal olduğundan dünya bazarında baş verən proseslərin onun qiymətinə təsiri yoxdur. Odur ki, Tarif (qiymət) Şurasında benzinin qiymətinin dəyişdirilməsi məsələsi müzakirə olunmur”.

A.Əliyev qeyd edib ki, hazırda ümumi istehlakda payı çox az olan (təxminən 4-5%) “Premium Avro-95" benzini isə Azərbaycana idxal olunur və bu markalı benzinin qiymətini Tarif (qiymət) Şurası tənzimləmir.

Neft ucuzlaşır, amma benzin əvvəlki qiymətdə qalır

Amma Azərbaycanda yanacağın qiymətinin dəyişməz saxlanılması üçün hökumətin gətirdiyi arqumentlər heç bir tənqidə dözmür. Bir vaxtlar dünya bazarında neftin qiymətinin artmasını əsas gətirərək hökumət təmsilçiləri onu bahalaşdırmağa məcbur olduqlarını deyirdilər.

Xaricə ucuz, ölkə daxilində baha satılan benzin

Bir neçə ilə əvvəl ortaya qoyulan bir sıra faktlar hökumətin mövqeyini darmadağın etdi. Araşdırmalar nəticəsində məlum oldu ki, Azərbaycan hökuməti benzini xarici ölkələrə  daxildə satdığından daha ucuz qiymətə satır. 2013-cü ildə aparılan araşdırmalar nəticəsində məlum oldu ki, bir litri 0,7 manat olan AI-92 benzininin 1 tonu ölkəmizdə 917 manata satılır. Amma həmin dövrdə xarici ölkələrə benzinin 1 tonu 943,41 dollara (765 manat) satılır. Amma bu AI-92 benzininin 1 tonu ARDNŞ-ə cəmi 290,44 manata başa gəlir. Bu isə o deməkdir ki, AI-92 benzininin bir litri təxminən 30 qəpiyə başa gəlir. Bu sahə ilə məşğul olan ekspertlərdən aldığımız məlumata görə, topdansatış mərkəzləri satdıqları hər litr yanacağın üzərinə 10, yanacaqdoldurma məntəqələri isə 5 qəpik əlavə edir (həmin dövrdə dolların kursu 0.79 qəpik idi).

AI-92 benzini 30 qəpiyə başa gəlir

Bir barrel neftdən, ortalama 102 litr benzin, 30 litr dizel yanacağı, 6,8 litr mazut, 170 ədəd şam, 1 litr motor yağı istehsal olunur. Azərbaycanda ABƏŞ-də 1 barrel neftin hasilatının maya dəyəri 5-6 dollar, SOCAR-da isə 9-12 dollar arasında dəyişir. Bir barrel nefti emal etmək üçün təqribən 3 dollar xərclənir. Yəni Azərbaycanda istehsal olunan 1 barrel neft (SOCAR), neftayırma zavodunun da xərclərini üzərinə gəldikdə, 12-15 dollara emal olunur. Daşınma xərclərini və vergiləri də üzərinə gəldikdə, bu rəqəm 14-16 dollardır. Bir ədəd şamın satış qiyməti 10 qəpikdir, 170 ədəd şam 17 manat edir, təqribən 22 dollar. Yəni hökumət daxildə emal olunan neftdən alınan şamlarla 1 barrelin maya dəyərini, emal və daşınma xərclərini, vergilərini çıxardır.

Ilham Şaban: “Xaricdən alınan AI-95 və AI-98-in qiyməti niyə dəyişmir?”

İqtisadçı İlham Şaban bildirdi ki, 2014-cü il aprelindən yalnız yüksək oktanlı benzinlərin qiymətini dövlət tənzimləmir. Digər yanacaqların qiymətinə görə isə yalnız dövlətin qərar vermək hüququ var: “Yaxşı, digər yanacaqların qiymətini dövlət tənzimləyir. Neftin bir barrel üçün qiyməti 140 dollar olanda da Azərbaycanda benzinin bir litr üçün qiyməti eyni idi, neftin qiyməti 39 dollara düşəndə də eyni idi. Amma 2014-cü il qərarı veriləndən bəri aradan 17 ay keçib. Bu müddətdə AI-95 ilə AI-98 benzinlərinin qiyməti dəyişməz qalıb. Sonuncu qiymət dəyişməsi keçən il oktyabrın 1-də olub. Axı bu yanacaqların qiymətini dövlət tənzimləmir. Bu qiymətləri dövlət tənzimləmirsə, keçən ilin oktyabrından bu ilin sentyabrına kimi 11 ay keçib. Keçən ilin oktyabrında dünya bazarında neftin qiyməti 90 dollar idi. Ötən ildən bu günə kimi neftin qiyməti ən aşağı - 43 dollar olub”.

İ.Şaban vurğuladı ki, neftayırma zavodları adətən hər 15 gündən bir qiymətə korreksiya edir. Bu qiymət korreksiyası baş verirsə, nəyə görə AI-95 və AI-98 benzinin qiyməti Azərbaycan bazarında dəyişməz qalıb: “Axı biz bu yanacaq tiplərində ucuzlaşmanı hansısa seqmentdə görməli idik. AI-95 və AI-98 benzini Azərbaycana Rumıniyadan idxal edilir. Bu yanacağın pərakəndə satışı Batumda reallaşdırılır. Buradan AI-95 və AI-98 yanacağını Gürcüstan, Azərbaycan və Ermənistan alır. Bu benzin dəmiryolu ilə gətirilir. Məntiq bundan ibarətdir ki, AI-95 və AI-98-nin qiyməti Gəncə və Qazaxda Bakıdan ucuz olmalıdır. Çünki, Bakı ilə bu iki məkan arasında məsafə fərqi var. Bəs necə olur ki, AI-95 və AI-98-in qiyməti Bakı və digər şəhərlərdə eynidir”.

Google+ WhatsApp ok.ru