SOCAR-a məsləhət: yanacağın qiymətini aşağı sal

 
Ukraynanın Antiinhisar Komitəsi ölkənin 12 iri yanacaqdoldurma məntəqələrinə sahib olan şirkətlərə benzin və dizel yanacağının qiymətinin aşağı salınmasını məsləhət görüb.
 
APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın Antiinhisar Komitəsindən bildirilib.
 
Qurumdan bildirilib ki, yanacağın pərakəndə satış qiyməti bazar şəraitinə uyğun olmalıdır.
 
Şirkətlər 10 gün ərzində öz təkliflərini quruma təqdim etməlidir.
 
Antiinhisar Komitəsində bildiriblər ki, son bir il ərzində Avropa bazarlarında neft, benzin və dizel yanacağının qiymətində ciddi azalma var.
Xatırladaq ki, bundan öncə də avqust ayının ortalarında  Ukraynanın yanacaqdoldurma məntəqələri şəbəkəsinə sahib olan iri şirkətlər dünya birjalarında neftin ucuzlaşması fonunda istehlakçılara təklif olunan yanacağın qiymətini aşağı salıb. "Amic", "Shell", Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), WOG, OKKO kimi YDM şəbəkəsinə sahib olan iri şirkətlər yanacağın qiymətlərini təqribən 0,50-0,60 Ukrayna qrivnası aşağı salıb.
 
 
Qeyd edək ki, dünya bazarlarında xam neftin qiyməti ucuzlaşdıqca Qərb ölkələrindəki sürücülərin üzü gülür - yanacaqdoldurma məntəqələrindəki lövhələrdə benzinin qiyməti az qala hər gün onların xeyrinə dəyişir.
 
Neft ölkəsi Azərbaycanda isə yanacaqdoldurma məntəqələrindəki qiymət lövhələrini hökumətin - qiymətləri tənzimləyən Tarif (qiymət) Şurasının qərarı ilə dəyişmək mümkündür. Burda benzinin qiymətini dövlət tənzimləyir. 
 
Hərçənd 2007-ci ildə dünya bazarlarında neftin qiyməti bahalaşanda Tarif Şurası Azərbaycanda benzinin qiymətini gecə yarısı qaldırmışdı.
 
İndi də Azərbaycan istehlakçıları benzini neftin bir barrel üçün 110 dollarlıq qiyməti ilə alır.
 
İqtisadçılar hesab edir ki,  Azərbaycanda benzinin qiyməti indikindən azı 50 faiz ucuz olmalıdır.  /
 

Google+ WhatsApp ok.ru