Azərbaycanda devalvasiya və ev alqı satqısı-ARAŞDIRMA

Yeni ilə daxil olduğumuz bir vaxtda Azərbaycanda çox böyük və radikal dəyişikliklər baş verdi. Ölkəmizdə ard-arda baş verən devalvasiya, qiymətlərin qalxması, dünya bazarında neftin qiymətinin düşməsi, və s. bu kimi hallar heç də kütlə tərəfindən mübsbət qarşılanmadı. Dünya bazarında neftin qiymətinin kəskin düşməsi əsas gəlirini qara qızıl satmaqla əldə edən Azərbaycan üçün heç də yaxşı hadisə olmadı. Ölkədə iki dəfə devalvasiya baş verdi. Manat dollara görə bir neçə dəfə öz dəyərini itirdi. Daha bir devalvasiyanın olacağı isə gözləniləndir.
 
Bəs hər şeyin yaxşı getdiyi bir vaxtda niyə bu cür hadisələr baş verdi?
 
Bu suala cavab vermək üçün ilk öncə qlobal aləmdə baş verən hadisələrə nəzər salmaq lazımdır. Suriyada artıq neçə ildir ki, baş verən müharibə, İŞİD-in Suriya neftini ələ keçirməsi və çox ucuz qiymətə satması, bundan öncə Liviyada Qəddafi hakimiyyətinin devrilməsi və Qərb ölkələrinin ölkə neftini mənimsəməsi, bir tərəfdən də ərəb ölkələrinin və Rusiyanın neft istehsal etməyə davam etməsi neftin qiymətinin kəskin şəkildə düşməsinə səbəb olmuşdur. Artıq ABŞ başda olmaqla Qərb ölkələri öz neft ambarlarını demək olar ki, tam şəkildə doldurublar. Bazar tələb və təklif qanunu əsasında fəaliyyət göstərir. Açıq bazar şəraitində əgər bazarda hansısa məhsula təlabat azdırsa və həmin əmtəənin həcmi çoxdursa həmin məhsulun qiyməti aşağı düşür. Bu kapitalizmin əsas qanunlarından biridir. Neft tələbatdan çox istehsal olunur. Buna səbəb Suriya neftinin İŞİD tərəfindən ələ keçirilməsi və dünya bazarında çox ucuz qiymətə satılmasıdır. Rusiya və İranın da Suriyada müharibəyə qoşulması sözsüz ki, təsadüfi deyil. Çünki əsas gəlir mənbəyi neft və qaz olan İran və Rusiyaya neftin qiymətinin bu qədər kəskin aşağı düşməsi sərf edə bilməz. Deməli izah etdiyim kimi aydın olur ki, neftin qiymətinin kəskin aşağı düşməsinə səbəb Suriya neftinin bazara çox ucuz qiymətə çıxması və satılmasıdır.
 
Ən böyük sual isə başqadır: Bu hal nə qədər müddət davam edəcək? Nə qədər müddətə Suriya nefti ucuz qiymətə satılacaq?
 
Bu sualın cavabı əslində çox sadədir. Nə qədər ki, neft ehtiyatları İŞİD-ın əlindədi və bazara çox ucuz qiymətə neft çıxarır neftin qiymətinin o qədər ucuz olacağı gözlənilir. Nəzərə alın ki, Suriya nefti bütün dünyanı bir neçə il təmin etmək iqtidarındadır. Neftin qiyməti Suriya nefti ilə manipuliyasiya edilməklə aşağı salınıb. Buna domino effekti deyirlər. Çünki Suriya neftinin bazarda aşağı qiymətə satılması, avtomatik olaraq bazarda öz neftinin baha satmaq istəyən digər dövlətlərin qara qızıllarının qiymətlərini aşağı salır. Əlbəttdəki neftin qiymətinin aşağı olması ABŞ əhalisini sevindirir və əldə olunan məluata görə ABŞ və Qərbi Avropa əhalisi qara qızılın qiymətinin aşağı olmasından məmnundular.
 
Əsilndə isə bütün dünyanın neft ilə dönməsi, neftə bu qədər tələbatın olduğu bir anda qiymətinin aşağı düşməsi qəribə görsənir. Çünki nəinki ABŞ və Avropanın, hətta əhalisi durmadan artan Çinin belə qara qızıla böyük tələbatı var. Bütün sənaye neft üzərində qurulub. Neft ehtiyatları məhduddur.
 
Bəs necə belə bir halda qara qızılın qiyməti aşağı düşə bilər?
 
Qiymətlərin bu qədər düşməsi əlbəttdə ki, müvəqqətidir və daimi ola bilməz. Suriyada gedən müharibənin arxa pərdəsini, kimlərin və niyə başlatdığını, ölkənin döyüşən dövlətlərin poliqonu olduğunu, yeni növ silahların burada sınaqdan keçirildiyini, üstəgəl bu müharibənin silah istehsalçılarının üzünü güldürdüyünü hamımız çox yaxşı bilirik.
 
Neftin qiymətinin nə qədər ucuz olması Suriya neftinin nə vaxt tükənəcəyi və ya nə vaxt İŞİD-in əlindən alınacağından asılıdır.
 
İndi isə keçək bu hadisənin ölkəmizə təsirinə. Neft qiymətinin sürətlə düşməsi Respublikanın milli valyutası olan manatın devalvasiyası ilə nəticələndi. Milli valyuta dollara görə ucuzlaşdı. Mərkəzi Bankın qərarından sonra manat uzən valyutaya keçdi. Əslində neftin qiymətinin düşməyə başlamasından bu yana Mərkəzi Bank manatın məzənnəsini saxlamaq üçün milyardlarla dollar pul xərcləyirdi. Nəzərə alın ki, aradakı fərqi bağlamaq üçün kifayət qədər çox pul lazımdır. Nəticədə ölkəninin Mərkəzi Banki bu hala çox tab gətirə bilmədi və manatın üzən valyutaya keçməsi haqqında qərar qəbul etdi.
 
Azərbaycan öz neftini satmaqla ölkəyə dollar axını daxil olurdu. Neftin qiymətinin kəskin düşməsi ölkəyə daxil olan dolların həcmini azaltdı. Eyni miqdarda qara qızıl satmağımıza baxmayaraq əvvəlkinə nisbətən ucuz qiymətə satdığımıza görə ölkəyə daxil olan dolların miqdarı avtomatik olaraq azaldı. Bu da öz növbəsində devalvasiya və qiymətlərin qalxması ilə nəticələndi. Qiymətlərin qalxmasına səbəb ölkənin xaricdən dollarla aldığı məhsulların və əmtəllərin miqdarının azalmasıdır. Yerli istehsalatın az olması Azərbaycanı xarici bazardan asılı vəziyyətə salır. Misal üçün geyim məhsullarını Türkiyə və Çindən, taxta, bir sıra ərzaq məhsullarını, müxtəlif növ tikinti mallarını Rusiyadan alırıq. Ödənişi isə dollarla edirik. Bu da öz növbəsində bu məhsulların qiymətlərinin qalxması ilə nəticələnir və beləliklə xarici ölkələrdən gətirilən məhsullar təxminən 50 faiz qalxdı.
 
İndi isə əsas məsələ olan daşınmaz əmlaka gələk. Ölkənin ən böyük və inkişaf edən, külli miqdarda pulların oynadığı sektoru olan daşınmaz əmlak sahəsi də bu hadisələrdən öz nəsibini aldı. Manatın dəyərinin düşməsindən sonra bəzi əmlak sahibləri evlərinin satışını dayandırdılar, bəziləri isə satışı dollar ilə həyata keçirirlər. Əslində bu vəziyyət mənə SSRİ-nin dağılmasından sonrakı vəziyyəti xatırlatdı. O vaxtlar mənzillərin qiyməti çox ucuz idi və ev almaq üçün ən yaxşı vaxt hesab olunurdu. Şəhərin mərkəzində 3-4 otaqlı mənzilləri 20-30 min dollara almaq olardı və bu vəziyyətdən istifadə edənlər də az deyildi. Çünki bu evlərin qiyməti 10-20 dəfə bahalaşaraq 100-150 min dollara gəlib çıxacaqdı.
 
Ümumiyyətlə hadisələrə tarixi fonda baxdıqda daşınmaz əmlakın qiyməti istər Amerikada olsun, istər Avropa ölkələrində, istər Rusiyada, istərsə də Azərbaycanda qalxıb endiyinin şahidi oluruq. Bu bazarda olan pul kütləsinin həcmindən, iqtisadi inkişafdan, əhalinin artım səviyyəsindən və bir sıra başqa faktorlardan asılıdır.
 
Əgər neftin qiyməti qalxırsa, avtomatik olaraq dolların məzənnəsi digər valyutalara nəzərən aşağı düşür. Amma əksinə qara qızılın qiymətini aşağı düşməsi dolların məzənnəsinin digər valyutalara görə güclənməsi deməkdir. Buna səbəb demək olar ki, bütün dövlətlərin beynəlxalq ticarətdə dollardan istifadə etmələridir. Düzdü bir sıra ölkələr avro, yuan, yen, rubl, barter və digər alternatif ödəniş sistemlərindən istifadə edirlər, amma bu hal çox azdır və qlobal məkanda iqtisadi proseslərə o qədər də güclü təsir etmir. Manatın məzənnəsinin sərbəst buraxılması və üzən məzənnəyə keçilməsi bəlkə də ölkəmiz üçün dönüş nöqtəsi ola bilər. Bunun Azərbaycanda yerli istehsalata təkan verəcəyinə, ölkənin xaricdən iqtisadi baxımdan asılılığının azalacağına, yerli məhsulların xarici bazarda daha ucuz qiymətə satılacağına ümid etmək olar.
 
Amma Azərbayanın üzən məzənnəyə keçməsi ağıllarda belə bir sual yaradır:
 
Bəs üzən məzənnə nədir?
 
Bu suala cavab vermək üçün Türkiyəni misal götürək. Türkiyə artıq bir neçə ildir ki, üzən məzənnədən istifadə edir. Türk lirəsi hər gün dollara nisbətən qiyməti gah düşür, gah da qalxır. Global iqtisadi proseslərdən, Türkiyənin öz qonşuları ilə münasibətlərindən, neftin qiymətindən və bir sıra digər amillərdən asılı olaraq Türkiyənin milli valyutası hər gün digər xarici valyutalara nisbətən fərqli qiymət alır. Əlbətddə bu haldan valyuta tacirləri, yəni foreks adlandan və qısa müddətdə virtual olaraq bir valyutanın digər valyutaya alınıb-satılması ilə məşğul olanlar milyonlarla, hətta milyardlarla dollar pul əldə edirlər.
 
Üzən məzənnə o deməkdir ki, ölkə öz mill valyutasını sərbəst buraxır və digər valyutalara nəzərən qiyməti hər gün dəyişir və fərqli olur. Bu məzənnə dəyişikliyi Türkiyə kimi ölkədə malların qiymətinin artmasına elə də güclü təsir göstərmir. Yalnız xaricdən gətirilən məhsulların qiyməti qalxır. Çünki Türkiyənin yerli istehsalatı güclüdür. Amma ölkəmizə gəldikdə isə bu hal malların qiymətininə təsir edir. Buna səbəb yerli istehsalatın zəif olması, xarici bazardan asılılıq, əmtəələrin xaricdən alınması və ödənişin dollar ilə edilməsidir. Amma əlbəttdə ki, bundan da dərs almaq olar. Belə bir zamanda edilməli olan ən qısa zamanda yerli istehsalatı inkişaf etdirmək, xarici bazardan asılılığı azaltmaq, və s. bu kimi tədbirlər planı həyata keçirmək, yaranmış bu vəziyyətdən də istifadə etmək olar.
 
Azərbaycan əsasən kənd təssərüffatı məhsulları istehsal edir və bu məhsulları Rusiyaya ixrac edir. Kənd təssərüffatı məhsullarının ölkə ərazisində istehsal edilməsi müsbət bir haldır və bu məhsulların qiymətinin qalxmasının qarşısını almaq və qiymətləri stabil saxlamaq lazımdır.
 
Amma paltar, geyim, yuyucu tozlar, təmizlik vasitələri, bir sözlə yüngül sənaye sahəsini də inkişaf etdirmək labüddür. Əgər yüngül sənaye sahələri inkişaf etdirilərsə və ən azı daxili tələbat ödənilərsən bu halda ölkədən valyutanın xaricə axının qarşısı alınar və pul kütləsi ölkə daxilində dövr edər.
 
Qeyd etmək lazımdır ki, pul kütləsinin ölkə daxilində hərəkət etməsi, dövr etməsi biznesin fəaliyyət göstərməsi üçün vacibdir. Çünki insanda qan, maşında benzin olduğu kimi biznesi də hərəkətə gətirən pul kütləsidir. Əgər pul kütləsi ölkəni tərk edərsə onda dövriyyədə pul kütləsi azalır və biznes dayanır.
 
Bir insanın xərci digər insanın gəliridi. Misal üçün vətəndaş deyək ki, dövlət işində işləyir, o gedib mağazadan mal alır və əvəzində pul verir. Pulu götürən satıcı isə gedib başqa yerdə o pulu xərcləyir.
 
Bu proses fasiləsiz olaraq gedir və dövr edir. Buna deyirlər pulun bazarda dövr etməsi.
 
Amma əsas məsələ bu pul ən son harda qurtarır? Yəni bazarda dövr edən pul hara axır?
 
Mən bu pulun Türkiyə, Rusiya, Çin və digər xarici ölkələrə axdığını görürəm. İstirahət üçün Türkiyəyə, müəlicəyə İrana, oxumağa ABŞ və Avropa ölkələrinə gedirik, bir çox məhsulları Rusiyadan, geyimi Türkiyə və Çindən alırıq.
 
Yəqin ki, bu verdiyim misal pul kütləsinin nəyə görə ölkə daxilində qalmağının əhəmiyyətli olduğunu sizə tam olaraq aydınlaşdırdı.

Google+ WhatsApp ok.ru