Azərbaycanın xarici borcu artır

Azərbaycanın xarici borcu artır

Lakin ekspertlərə görə, hazırda xarici borc idarəolunan səviyyədədir
 
İyulun 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcu 7,172.6 milyon ABŞ dolları (12,208.5 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 18.9 faiz təşkil edib.
 
Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
 
Məlumat üçün qeyd edək ki, dövlət borcu - daxili və xarici dövlət borcundan ibarət olmaqla, ölkənin təxirəsalınmaz sosial-iqtisadi xərclərinin və büdcə kəsirinin maliyyələşdirilməsi üçün qəbul edilən, ölkə hökumətinin hüquqi və fiziki şəxslərə, habelə xarici dövlətlərə müvafiq faiz ödənilməklə qaytarılmalı olan, milli və xarici valyuta ilə ifadə edilmiş borc öhdəlikləridir. Dövlət borcu aşağıdakı formalarda ola bilər: hökumətin aldığı kreditlər, hökumətin adından buraxılan qiymətli kağızlar şəklində olan dövlət istiqrazları və hökumətin təminat verdiyi digər borc öhdəlikləri.
 
Bəs görəsən hazırda açıqlana rəqəmlər ölkə iqtisadiyyatı üçün təhlükəli hədd sayılırmı? Qarşıdakı dövrdə xarici borcun həcmi arta bilərmi? Hazırki iqtisadi böhran şəraitində bu borcun qaytarılmasında çətinliklər yaşana bilərmi?
 
“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Natiq Cəfərliyə görə burada iki önəmli məsələ var: “Birincisi, dövlət borcunun hesablama qaydaları ilə bağlı Maliyyə Nazirliyinə iradlar tutula bilər. Çünki dünya praktikasında artıq dövlət imzalanmış müqavilələrin hamısı dövlət boru kateqoriyasına aid edilir. Maliyyə Nazirliyi isə ancaq müqavilələr bağlandıqdan sonra ancaq dövlət ehtiyacları üçün istifadə edilmiş kreditləri dövlət borcu kimi sayır. Bu, doğru yanaşma deyil. Bu il ərzində 3 böyük beynəlxalq maliyyə strukturlarından - Həm Avrasiya Bankı, həm Avropa Bankı, həm də Beynəlxalq Valyuta Fondu ilə gedən danışıqların nəticəsi olaraq ümumilikdə, 1,5 milyard dollara yaxın yeni kredit müqavilələri imzalandı. Köhnədən bağlanmış kredit müqavilələrində hələ istifadə edilməmiş məbləğlər də var. Ümumilikdə artıq dövlətin 11,5 milyard dollara yaxın öhdəlikləri var. Sadəcə istifadə olunmuş həcmi göstərərək həm borcun həcmini azaltmağa, həm də ÜDM-dəki payını azaltmağa çalışırlar”.
 
İqtisadçının sözlərinə görə, dövlət şirkətlərinin aldığı kreditlər də dövlət borcu kimi hesablanmalıdır: “İkinci bir məsələ ondan ibarətdir ki, dünya ölkələrinin əksəriyyəti, hətta Rusiyada bu praktika çoxdan tətbiq olunur. Dövlətin zəmanəti ilə dövlət şirkətləri tərəfindən götürülmüş kreditlər də həmişə dövlətin borc ehtiyatları kimi qeydiyyata düşür. Beynəlxalq Bankla bağlı baş verən proses göstərdi ki, belə müqavilələrdə hər zaman sonda dövlət cavabdehlik daşımağa məcbur olur və danışıqlar apararaq borcun ödənilməsi ilə bağlı addımlar atır. Bu baxımdan Azərbaycan dövlət şirkətlərinin də dövlət zəmanəti ilə götürülmüş borc yükü var. Beynəlxalq reytinq agentlikləri, SNT, Moody’s, Fitch kimi agentliklər bu borcları da dövlət öhdəlikləri kimi qeyd edirlər. Onların hesablamalarına görə artıq xarici borcun həcmi ÜDM-in yarıdan çoxunu keçib. Hələ ki bu təhlükəli hədd sayılmır. Neft Fondunda bir təhlükəsizlik yastığı da var”.
 
N.Cəfərli vurğuladı ki, ən təhlükəli məqam borclanmanın sürətinin artmasıdır: “Bir də gələcək illərdə borcun qaytarılmasının intensivliyi artacaq. 2017-ci ildə Azərbaycanın müstəqillik tarixində ilk dəfə idi ki, büdcənin 10 faizindən yuxarısı xarici borcun ödənilməsinə yönəldildi, 1,6 milyard manat ayrıldı. 2018, 2019 və 2020-ci ildə, əsasən də 2020-ci ildən sonra borcların qaytarılmasının intensivliyi artacaq. Ölkəmiz hər il daha çox vəsait qaytarmağa məcbur olacaq. Əsas təhlükəli məqam bundan ibarətdir. Düzdür, bəzi ölkələrdə xarici borcun həcmi ÜDM-ə bərabərdir, hətta ondan artıqdır. Ancaq ödəniş qrafiklərinə baxdıqda və Azərbaycanın gəlirlərinin strukturuna baxdıqda təhlükə məhz ondadır ki, həm getdikcə daha çox pul ödəməli olacağıq, həm də gəlirlərin artım tempi o borcun qaytarılmasının tempinə uyğun olmayacaq. Çünki Azərbaycanın əsas gəlir mənbəyi neft, neft məhsulları və qazdır. Həm hasilatın düşməsi, həm qiymətin gözlənilən səviyyələrə qədər qalxmaması Azərbaycana gələn valyutanın həcmini xeyli dərəcədə azaldıb”.
 
İqtisadçı qeyd etdi ki, hazırda xarici borcun həcmi o qədər də çox deyil, idarəolunan səviyyədədir: “Həm ÜDM-ə nisbətdə, həm də qızıl ehtiyatlarına nisbətdə o qədər də yüksək deyil. Ancaq təhlükə odur ki, ödənişlərin intensivliyi ildən-ilə artacaq, həm də gəlirlər azalacaq. 2020-ci ildən sonra bu Azərbaycanın dövlət büdcəsində, o cümlədən iqtisadiyyatında hiss olunacaq. Ölkə büdcədən nə qədər çox borc qaytarmağa məcbur olursa daxildə sosial layihələrə daha az pul xərcləməyə məcbur olur. Bu da hər bir vətəndaşın güzəranına təsir göstərir”. /

Google+ WhatsApp ok.ru