AZAL-ın özəlləşdirilməsi yenidən gündəmə gəlib

Milli Məclis komitələrinin birgə iclasında «Azərbaycan Hava Yolları» (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi təklifi səsləndirilib. "Bizim Yol" qəzetinin əməkdaşı milli aviaşirkətin özəlləşdirilməsinin mümkünlüyü barədə 400-dən artıq ASC-də payçı, 20 ilə yaxın səhmdar təcrübəsi olan Vəzir Rəcəbovla söhbət edib. 
 
Cənab Rəcəbov milli aviaşirkətin özəlləşdirilməsini mümkün sayır: «Tam özəlləşdirilməsə də, müəyyən bir hissəsi dövlətin nəzarətindən çıxmalıdır. Uçuşlara nəzarətə dövlət strateji məsələ kimi baxırsa, bu səlahiyyəti özündə saxlamaqla, şirkəti dövlətsizləşdirmək mümkündür. O zaman monopoliya olmamalı, başqa aviaşirkətlərin ölkəyə gəlməsi də təmin edilməlidir».
 
Ancaq Vəzir Rəcəbov deyib ki, AZAL-ı Azərbaycan vətəndaşının alması ilə bağlı şərt qoyulsa, problem yaranacaq: «Azərbaycanlı milyonçulardan istənilən biri onu ala bilərmi? Kimin bu qədər pulu rəsmi qazandığını təsdiqləyən sənədi var? Məsələ burasındadır ki, bu gün Azərbaycanda rəsmi milyonçu yoxdur. Adı milyonçu olanlar da gedib ölkənin Beynəlxalq Bankını talayıblar. Buraya pul qoyan adam bir milyonçu olacaq, şirkətin, tam olmasa da, müəyyən faizini özəlləşdirməyə çıxarsalar belə, 500 milyonun üstündə bir sərmayə lazımdır. Azərbaycanda milyardları olan oliqarxlar çoxdur, amma söhbət şirkətin müəyyən payını almağa gəlsə, milyonları ortaya çıxarıb, özünün bu qədər pulu olduğunu etiraf edən tapılmaz».
 
Vəzir Rəcəbova görə, prosesin ləngiməsinin kökündə bu problem dayanır. Onun fikrincə, AZAL-ı rəsmən 200 milyon manata yaxın kapitalı olan «Kapitalbank» və ya «Qaradağ Sement» ala bilər: «Bəzən SOCAR kimi nəhəngin özəlləşdirilməsindən də danışırlar, bunu eləməyə 50-60 milyard halal pulu olan oğul lazımdır». 

Google+ WhatsApp ok.ru