Başıbəlalı aviaşirkət təyyarələrini satışa çıxarır

Malayziya Hava Yolları şirkəti ona məxsus olan təyyarələrin bir hissəsini ya satacaq, ya da lizinqə verəcək. Maide.az-ın “AzərTAc”a istinadən yaydığı məlumata görə, satışa çıxarılacaq təyyarələrin arasında altı uzaqməsafəli “Airbus A380” təyyarəsi də var. Ötən il iki təyyarənin qəzaya uğraması nəticəsində maliyyə çətinlikləri ilə qarşılaşan aviaşirkət bu planı mayın 1-də vəzifəsinin icrasına başlamış yeni baş direktorun rəhbərliyi ilə həyata keçirəcək.
 
Malayziya Hava Yolları şirkətinə məxsus 16 təyyarənin satışa çıxarılacağı və ya lizinqə veriləcəyi barədə xəbəri əsasən aviaşirkətlər barədə məlumatların yayılması üzrə ixtisaslaşmış Leeham News and Comment informasiya agentliyi yayıb. Məlumata əsasən, ötən il 239 nəfərin itkin düşdüyü MH370 və 298 nəfərin həlak olduğu MH17 reyslərinin faciəvi sonluğu ilə əlaqədar aviaşirkət struktur islahatlarını davam etdirir. Bu struktur islahatları zamanı aviaşirkətə məxsus altı Airbus A380, dörd Boeing 777-200 sərnişin, həmçinin iki Boeing 747-400 və dörd Airbus A330-200 yük təyyarəsi ya satılacaq, ya da lizinqə veriləcək.
 
Bu addımlar şirkətin işində ciddi dəyişikliyə səbəb olacaq. Yükdaşıma ilə əlaqədar bütün təyyarələr satılacağına və ya lizinqə veriləcəyinə görə şirkətin Malaysia Airlines Cargo bölümü ləğv ediləcək. Həmçinin uzaqməsafəli təyyarələri qalmadığı üçün şirkətin London, Paris və Amsterdam reyslərini də ləğv edəcəyi bildirilir.
 
Bütün bu işlər şirkətin yeni baş direktoru Kristof Müllerin rəhbərliyi ilə aparılacaq. K.Müller Malayziya Hava Yolları şirkətinə rəhbərlik edən ilk əcnəbidir və o, bu vəzifəyə İrlandiyanın Aer Lingus aviaşirkətindən gəlib. Əməkdaşlarının sayını artıq altı min nəfər ixtisar etmiş şirkətdə yeni baş direktorun struktur islahatlarını uğurla başa vuracağı və onun yenidən gəlir gətirən şirkətə çevrilməsinə nail olacağı gözlənilir.

Google+ WhatsApp ok.ru