Bakıda mənzillər bir az da ucuzlaşdı

Bu ilin oktyabr ayında Bakıda mənzillərin 1 kvadratmetrinin qiyməti 1568 dollar olub. “MBA” konsaltinq və qiymətləndirmə şirkətindən verilən məlumata görə, bu, sentyabr ayı ilə müqayisədə 3,09% azdır. Son 1 ildə isə mənzillər 24,47% ucuzlaşıb.

968 dollardan 2123 dollara qədər

Hazırda paytaxtın ayrı-ayrı əraziləri arasında ən bahalı mənzillər Səbail rayonunda təklif olunur – 1 kvadratmetri orta hesabla 2123 dollara. Digər rayonlarda isə qiymətlər 1000-2000 dollar arasında dəyişir.

1 kvadrat metr mənzil üçün Nəsimidə 1777 dollar, Nərimanovda 1650 dollar, Yasamalda 1583 dollar, Binəqədidə 1505 dollar, Nizamidə 1411 dollar, Xətaidə 1316 dollar, Sabunçuda 1150 dollar, Xəzərdə 1078 dollar, Qaradağda 1074 dollar, Suraxanı isə 1023 dollar ödəmək lazımdır.

Bakının qonşuluğunda yerləşən Abşeron rayonunda isə qiymət orta hesabla 968 dollardır.

  Rayonlar üzrə qiymətlər (ABŞ dolları ilə)
Abşeron 968
Binəqədi 1505
Nərimanov 1650
Nəsimi 1777
Nizami 1411
Qaradağ 1074
Sabunçu 1150
Səbail 2123
Suraxanı 1023
Xətai 1316
Xəzər 1078
Yasamal 1583

Torpaq bahalaşıb

Bakıda mənzillər ucuzlaşsa da, torpaq sahələri bahalaşıb. Belə ki, ötən ay paytaxtda torpağın 1 sotu 16 383 dollara təklif olunub ki, bu da əvvəlki aya nisbətən 1,71% çoxdur. Son 1 ildə isə torpaq sahələri 14,04% ucuzlaşıb.

Kommersiya obyektləri ucuzlaşıb 

Azərbaycanda kəskin devalvasiyadan sonra iqtisadi aktivliyin zəifləməsi kommersiya obyektlərinin icarə qiymətlərinin azalması ilə müşaiyət olunur. Oktyabrda bu bazarda 1 kvadratmetrin icarə qiyməti 3011 dollar təşkil edib. Bu da əvvəlki ayla müqayisədə 4,06 azdır. İllik ucuzlaşma isə 6,07%-dir. (fins.az)

Google+ WhatsApp ok.ru