Böhran ölkəsi

Böhran ölkəsi

Azadliq.info saytında "İdmanın böhran növü" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif yazır ki, hakimiyyət ölkənin pullarını idman yarışlarına xərcləyir, ancaq vətəndaşın zəruri tələbləri qarşılanmır.
 
Müəllifə görə, Azərbaycan çoxdandır ki, "ziddiyyətlər ölkəsi"dir. Statistik rəqəmlər tənəzzülü, hökumətin rəqəmləri isə tərəqqini göstərir.
 
Yazıda qeyd edilir ki, dünyanın heç bir ölkəsində "inkişaf" sözü Azərbaycandakı qədər işlədilmir. Ancaq dünyanın heç bir yerində də tənəzzül burada olduğu qədər sürətli deyil: "Məsələn, ölkə əhalisinin 35 faizi kredit bataqlığında çapalayır. Ölkədə minimum əməkhaqqı 116 manat müəyyən edilib. Yəni, bizim məmləkətimizdə əməkhaqqı yaşamaq üçün yox, ölməmək üçündür".
 
Müəllif hesab edir ki, tənəzzülün ölkədə məskən salması hökumətin «səxavət»inə təsir göstərmir.
 
Yazıda vurğulanır ki, Qarabağ uğrunda döyüşlərdə həlak olan 13 min 500 insanın sığorta pulu ödənmir. Ancaq bir elə mənası olmayan yarışlara milyardlar xərclənir. Müəllif yazır ki, dünyaya uşaq gətirən Azərbaycan qadınlarına analıq pulu verilməsə də, ölkəyə iki mahnı gətirən Lady Gaga-ya 1 milyon dollar bağışlanır: "Vətəndaş intihara can atır, 3 devalvasiyanın yükü vətəndaşın belinə yüklənir. Bu əsas deyil, ölkədə Avropa Oyunları keçirilib əsas olan budur. Ölkədə inkişaf milyonlarla vətəndaşa aidiyyəti olmayan yarışlara ev sahibliyi etməyimizlə ölçülür. Vətəndaşa sahib çıxmaq istəməyənlər sahibsiz yarışlara məmnuniyyətlə ev sahibliyi edirlər".
 
Müəllif I Avropa Oyunları, "Formula-1" yarışlarının ölkədə keçirilməsinə toxunaraq bunun Azərbaycana bir neçə milyarda başa gəldiyini qeyd edir.
 
Yazıda vurğulanır ki, itkin neftçi ailələrinə 1000 manat müavinət təklif edən SOCAR-ın futbol üzrə Avropa Çempionatına 120 milyon dollar verməsi çox adi hal kimi qarşılanır.
 
Müəllif yazır ki, bu il İslam Həmrəyliyi Oyunları və "Formula-1" yarışlarına 317 milyon manat xərclənəcək: "Deməli, bu qədər təmtəraqlı yarışlar böhranın sürətlənməsinə xidmət etdi. Biz dünyada idman ölkəsi kimi yox, böhran ölkəsi kimi tanındıq". /

Google+ WhatsApp ok.ru