Bilet almaq istəyirsən - Qaydalar dəyişdi

Azərbaycanda qatarlara onlayn bilet alınması qaydaları dəyişib. Dəyişikliklərdən sonra onlayn biletlərin alınması daha asan və rahat olacaq.
 
Əsas dəyişikliklərdən biri onlayn satılan biletlərin sayı ilə bağlıdır. Əvvəllər qatara biletlərin yalnız bir hissəsi onlayn satıla bilərdi - onlayn satılan biletlər üçün kvota ayrılırdı  və bu kvota dolduqdan sonra bileti yalnız kassadan almaq lazım idi. İndi isə bu məhdudiyyət götürülüb, qatara bütün biletlər də onlayn satıla bilər.
 
Ən maraqlı yeniliklərdən biri odur ki, vətəndaşlar onlayn bilet aldıqda istədikləri yeri  - vaqonu və yeri seçə biləcəklər. Belə ki, yeni sistemdə bu məlumatlar daha şəffaf açıqlanıb.
 
Qeyd edək ki, əvvəllər onlayn bilet alan vətəndaşlar yalnız qatardakı boş yerlərin sayını görə bilirdilər. İndi isə onlayn bilet alınanda boş yerlərin harada olması da görünür. Məsələn, bilet almaq istəyən şəxs «plaskart», «kupe» və «SV» tipli yerlərin hansı vaqonlardı olduğunu görür. Ən əsası, sərnişin vaqonların hər birindəki boş yerləri, yerlərin sxemini və onlardan hansının tutulub-tutulmadığını görür və özünə uyğun yerləri seçə bilir. Başqa sözlə, sərnişin əgər kupedə aşağı yataqda səyahət etmək istəyirsə, bunun üçün sadəcə həmin yeri seçib almaq lazımdır.
 
Digər maraqlı yenilik onlayn bilet alma vaxtına aiddir. İndiyədək onlayn bileti qatarın yola düşməsindən 2 saat əvvələ qədər almaq olardı. Məsələn, Bakı-Ağstafa qatarı saat 22-30-da yola düşürsə, bu qatara onlayn bileti saat 20-30-dək almaq olardı. 
 
İndi isə bu qayda dəyişib. Onlayn biletin satışı ilə bağlı vaxt məhdudiyyəti qatarın yola düşməsi vaxtındən yox, sərnişinin minəcəyi stansiyadan keçməsi vaxtından asılı olacaq.
 
Belə ki, sərnişin qatara bileti qatarın onun minəcəyi stansiyaya çatmasına 3 saat qalmışa gədər ala biləcək. Məsələn,  Bakı-Ağstafa qatarı saat 22-30-da yola düşürsə və səhər saat 4-də Yevlax stansiyasına çatırsa, vətəndaşlar Yevlax stansiyasında qatara minmək üçün bileti gecə saat 1-dək ala bilərlər.
 
Biletlərin əvvəlcədən alınması vaxtı da dəyişdirilib – indi qatarlara onlayn bileti maksimum 10 gün əvvəl almaq olar. Əvvəllər bu müddət bir neçə gün idi.
 
Onlayn satış vaxtı da dəyişib. İndiyədək qatarlara onlayn bileti səhər saat 7-dən gecə saat 23-dək olan aralıqda almaq olardı. İndi isə məhdudiyyət götürülüb – 24 saat ərzində onlayn bilet almaq olar.
 
Amma biletin kağız variantını əldə etmək qaydası dəyişməyib – onlayn bilet alan vətəndaş qatarın yola düşməsinə 1 saat qalmışa qədər stansiyaya və ya vağzala yaxınlaşıb biletini götürməlidir.
 
Mühüm dəyişikliklərdən biri biletin pulunun ödənilməsi ilə bağlıdır. «Azərbaycan Dəmir Yolları» QSC-dən verilən məlumata görə, əvvəllər onlayn bilet alınarkən vətəndaş biletin qiymətini bilmirdi – yalnız kartda qalan məbləği gördükdə biletin neçəyə başa gəldiyini bilirdi. İndi biletin alınması ilə bağlı düyməni basmazdan əvvəl onun qiymətini görə biləcək və əgər, qiymət onu qane etməsə, bileti almaqdan imtina edə biləcək.
 
Digər maraqlı yenilik, onlayn bilet alan vətəndaşların sistemdə qeydiyyatı prosedurunun dəyişməsidir. Əvvəllər insanlar yalnız ad-soyadlarını göstərirdilər. İndi isə vətəndaşlardan daha dolğun informasiya tələb olunur, onlar pasport göstəriciləri ilə yanaşı, elektron ünvan və telefon nömrələrini də saxlamalıdırlar. QSC-ən bildirirlər ki, bu yenilik ilk növbədə sərnişinlər üçün sərfəlidir.
 
Belə ki, bəzən sərnişinlər bilet sifariş verəndə hansısa göstəricini səhv yazırlar və bu da əməliyyatın baş tutmamasına səbəb olurdu. Sərnişin bundan yalnız vağzala gələndə xəbər tuturdu və bəzən artıq gec olurdu. İndi isə biletin alınması əməliyyatının uğurla başa çatıb-çatmaması barədə müştəriyə email və ya telefonla SMS göndərilir. Müştəri də əgər pobleem varsa, bundan vaxtında xəbər tutur.
 
Nəhayət, indi onlayn qaydada biletləri həm gediş, həm də gəliş istiqamətində almaq olar. Bu qayda  yerli qatarlara və xarici qatarların Azərbaycan ərazisindəki marşrutuna aiddir. fins.az /
 

Google+ WhatsApp ok.ru