Carili ilin ilk 4 ayında Azərbaycanın ixracı 40 faiz azalıb

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi illik 17,23% azalaraq cari ilin yanvar-aprel ayları ərzində 3 mlrd. 558,8 mln. dollara düşüb.
 
Maide.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu müddətdə ixrac 24,44% azalaraq 2 mlrd. 647,7 mln. dollar, idxal 14,52% artaraq 911,1 mln. dollar təşkil edib. Avropa İttifaqı ölkələrinə ixrac ölkə üzrə cəmi ixracın 62%-ni əhatə edib. İdxalda isə Aİ ölkələrinin xüsusi çəkisi 26,77% olub.
 
Hesabata əsasən, Aİ ölkələrinə ixracın da 925,3 mln. dolları və ya 34,95%-i İtaliyanın payına düşür. Ümumiyyətlə, ölkə üzrə cəmi ixracın isə 21,67%-ni İtaliyaya ixrac təşkil edir. Statistikaya əsasən İtaliyaya ixracda illik 50,04% azalma müşahidə edilib ki, bu da neft məhsullarının ixracının azalması ilə əlaqədardır. Bu müddətdə İtaliyadan idxal isə əksinə kəskin artaraq 58,1 mln. dollardan 161,5 mln. dollara yüksəlib.
 
Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 22,42% azalaraq 7,7 mlrd. dollar təşkil edib. Bunun da 3,4 mlrd. dolları idxal, 4,3 mlrd. dolları ixrac əməliyyatlarının payına düşüb. Hesabat dövründə idxalın həcmi 24,46% artıb, ixrac isə 40,33% azalıb.

Google+ WhatsApp ok.ru