Dollarla bağlı vəziyyət kritikləşir

Bazarda ABŞ valyutasına tələbatın artması növbəti devalvasiyanı qaçılmaz edir

Azərbaycan Mərkəzi Bankının (AMB) dünən keçirdiyi valyuta hərracında kommersiya banklarının ABŞ dollarına faktiki tələbatı əvvəlki hərraca nisbətən 28 milyon dollar və ya 11 faiz azalaraq təxminən 215 milyon dollar təşkil edib. Report-un məlumatına görə, bankların dollara olan tələbatının bu dərəcədə yüksək olmasına baxmayaraq, AMB dünənki hərracda cəmi 60 milyon dollarlıq valyuta kütləsi satıb və faktiki olaraq real tələbatı 28 faiz səviyyəsində təmin edib.
 
Bundan öncə, fevralın 26-də keçirilən əvvəlki hərracda kommersiya banklarının valyutaya faktiki tələbatı 243 milyon dollar olsa da, AMB bunun yalnız 20,6 fizini (50 milyon dollar) təmin edib. Bu səbəbdən fevralın 29-na dolların rəsmi məzənnəsi 1,5655 manat müəyyən edilib ki, bu da gündəlik 0,20 faiz artım deməkdir. Fevralın 26-də isə rəsmi məzənnə 1,5624 manat olub.
 
Ekspertlərin sözlərinə görə, mart ayında dollara tələbat daha da artacaq: “Mart ayının bayramlar ayı olması və bu səbəbdən alış-verişin digər aylara nisbətən daha çox bu ayda olması dollara tələbatı daha da artıracaq. Mərkəzi Bankın bu tələbatı ödəmək imkanı faktiki olaraq yoxdur. Bu halda devalvasiya qaçılmaz olacaq”.
 
Bundan başqa redaksiyamıza daxil olan məlumatlara görə, iri şirkətlər artıq indidən məhsullarının qiymətlərini hiss olunmayacaq dərəcədə qaldırmağa başlayıblar. Bildirilir ki, gözlənilən növbəti devalvasiya ilə bağlıdır. Iddialara görə, həmin şirkətlər hökumətin tapşırığı ilə bu addımı atırlar. “Bu, devalvasiya baş verəndən sonra bahalaşmanın olmaması üçündür. Yəni, bahalaşma devalvasiyadan əvvəl edilir. Ötən devalvasiyadan əvvəl də bu hal baş vermişdi”, – deyə hökumətə yaxın mənbə bildirib.

Google+ WhatsApp ok.ru