İdxalda inhisar

İdxalda inhisar

"Exo" qəzetində "Azərbaycan idxal inhisarı ilə toqquşur?" sərlövhəli məqalə oxumaq olar. Müəllif ölkəyə idxal edilən mallara yüksək qiymət qoyulması və bunun səbəbləri ilə bağlı ekspertlərin mövqeyini öyrənib.
 
"Azərbaycanın daxili bazarında idxal mallarına qoyulan əsassız yüksək qiymətlər müşahidə edilir. Ölkə idxal inhisarı ilə toqquşur. Qiymətlərdəki fərqlər idxalçılardan inhisar yaratmaqda və qiymətləri süni şəkildə qaldırmaqda şübhələnməyə əsas verir", -deyə Nəriman Ağayev qəzetə deyib.
 
Ekspert qeyd edib ki, Azərbaycanda ərzaq və qeyri-ərzaq mallarının 80 faizə qədəri idxaldan asılıdır. Odur ki, manatın ucuzlaşması fonunda idxal malları və hətta yerli məhsullar bahalaşır.
 
N.Ağayev vurğulayır ki, yerli istehsalçıların istifadə etdikləri xammal, əsasən, xaricdən gətirilir. Üstəlik, onun fikrincə, idxalda monopoliya da var.
 
Ekspertin təxminlərinə görə, hələ qiymət "yenilikləri" qarşıdadır. Əhəmiyyətli qiymət sıçrayışı bayram günlərində müşahidə olunacaq.
 
Ekspert Oqtay Haqverdiyev isə deyib ki, dövlət iqtisadiyyatında durum mürəkkəb və qeyri-sabitdir. Ölkədə yaxşı nəsə gözləməyə dəyməz.
 
O.Haqverdiyev hesab edir ki, 2016-cı ildəki rəsmən 12 faizlik inflyasiya iqtisadiyyatın super durğunluq halında olmasının göstəricisidir: "Bu fakt onu göstərir ki, iqtisadiyyatı təşkil edən hər iki seqment, yəni bank-maliyyə sistemi və real iqtisadiyyat böhran durumuna düşüb. Oradan çıxa bilmir". /

Google+ WhatsApp ok.ru