Qiymət artımı böhrandan çıxış yolu deyil

Qiymət artımı böhrandan çıxış yolu deyil

"Novoye Vremya" qəzetində də "Qiymət artımı iqtisadiyyatı xilas edə bilməz" sərlövhəli məqalə diqqət çəkir. Müəllif ölkədə qiymət artımına rəsmi qurumların münasibətini müzakirə edir.
 
Yazıda qeyd edilir ki, bir çox hallarda qiymət artımına dövlət qurumlarının özləri can atırlar. Müəllif xatırladır ki, ötən il enerjidaşıyıcıların qiyməti qalxıb. Bu azmış kimi, SOCAR-ın bir rəsmisi bəyan edir ki, qiymət artımından ötrü yenidən Tarif Şurasına müraciət edilə bilər: "SOCAR-dakı qeyri-sabit durumu nəzərə alsaq, gələcəkdə də Tarif Şurasına belə müraciətin ediləcəyi istisna olunmur".
 
Ekspert Elşad Məmmədov da SOCAR-ınyaxın gələcəkdə əhaliyə xidmətlə bağlı tariflərin bahalaşdırılması məsələsini qaldıracağını istisna etmir. Onun fikrincə, bu da qiymət sahəsində növbəti zəncirvarı reaksiya effekti yaradacaq.
 
Yazıda vurğulanır ki, qaz və işığın qiyməti qaldırıldıqdan sonra hamı səbəbkar kimi Tarif Şurasını göstərir. Ancaq heç kim Tarif Şurasına müraciət edən qurumu yada salmır.
 
Müəllif yazır ki, ölkədəki məmur ordusu bütün bu siyasətin xalqı hansı duruma saldığının fərqində deyil. Heç bu barədə fikirləşmək belə istəmirlər.
 
Müəllifə görə, bir çox vəzifə sahibləri elə hesab edir ki, qiymətlərin qaldırılması böhrandan çıxmağa kömək edə biləcək. Bu isə özünü aldatmaqdan başqa bir şey deyil. /

Google+ WhatsApp ok.ru