Ehtiyat hissələri `ceyran belində`

Ehtiyat hissələri `ceyran belində`

Azərbaycanda avtomobillərin ehtiyat hissələrinin son bir ayda xeyli bahalaşdığı bildirilir.
 
Bu barədə avtomobil ekspertləri və ehtiyat hissələri satıcıları Fins.az-a bildiriblər.
 
Ekspertlər deyir ki, manatın dəyər itirməsi xaricdən dollarla gətirilən avtomobil ehtiyat hissələrinin qiymətlərinə xeyli təsir edib. Ehtiyat hissələri 40 faizdən 2 dəfəyə qədər bahalaşıb.
 
Avtomobillərin satışı ilə məşğul olan Aley Şamilov da bildirib ki, ehtiyat hissələrinin bahalaşmasının əsas səbəbi son bir neçə ayda dolların bahalaşmaqda davam etməsidir: «May ayında dolların məzənnəsi 1.49 dollar idisə, daha sonra 1.63-1.64 manata yüksəldi. Hazırda isə 1.73 manat təşkil edir».
 
Satıcının bildirməsinə görə, sentyabrda dolların bahalaşması ilə yaranan ajiotaj qiymətlərin daha da artmasına təsir edib.
 
Xəbərdə qeyd edilir ki, mühərrik yağlarından tutmuş, ən iri detallara qədər bütün avtomobil avadanlıqları bahalaşıb.
 
Məsələn, amortizatorların qiymətlərinin 75-80 faiz artdığı söylənir. Əvvəl 1998-2000-ci illərə aid «Mercedes C Class» modellərinə aid ön amortizatorlar 50 manat idisə, indi 90 manata kimi bahalaşıb.
 
Daha çox istifadə edilən detallar arasında olan əyləc qəliblərinin 33-40, «tyaqa rezin»lərinin isə 2 dəfəyə yaxın bahalaşdığı deyilir.
 
Qiymət fərqi mühərrik yağlarında da hiss edilir. Əvvəllər 30-32 manata satılan 5-litrlik mühərrik yağının indi 45 manata yüksəldiyi söylənir. Bu isə 40 faiz bahalaşma deməkdir. /

Google+ WhatsApp ok.ru