Ekspert: ‘Neft Fondu gələcək nəsillərə nə saxladığını açıqlamalı, hesabat verməlidir’

Ekspert: ‘Neft Fondu gələcək nəsillərə nə saxladığını açıqlamalı, hesabat verməlidir’

“Bizimyiol.info”da Qubad İbadoğlu: “Neft Fondu gələcək nəsillərə nə saxladığını açıqlamalı, hesabat verməlidir” sərlövhəli məqalə oxumaq olar.
 
Sayt Azərbaycanda neft gəlirlərinin gələcək nəsillərə saxlanması vəziyyəti barədə iqtisadçı alim Qubad İbadoğlunun düşüncələrinə yer verib.
 
“Neft gəlirlərinin həddən artıq istifadəsi ona gətirib çıxarıb ki, son 3 ildə və növbəti 3 ildə iqtisadi artım yavaşlayıb və yavaşlayacaq”. Sayt xəbər verir ki, bu fikirləri iqtisadçı alim, Müstəqil Tədqiqatlar Mərkəzinin prezidenti Qubad İbadoğlu Bakıda “Neft Fondu gələcəyimizə nə saxlayır?”, “Azərbaycanın gələcəyinə sərmayə: Müstəqil Rifah Fondlarının rolu” mövzusunda keçirilən konfransda səsləndirib.
 
Q.İbadoğlunun iddiasına görə, araşdırmalar göstərir ki, Azərbaycanda neft gəlirlərinin idarə edilməsində 3 əsas problem var:
 
“Bunlardan biri dayanıqlılıq problemidir. Xərcləməyə daha çox üstünlük verilir, gələcək nəsillərə daha az pay saxlanılır. İkinci problem fondun xərcləmələrinin keyfiyyətli olmaması ilə bağlıdır. Burada korrupsiya elementləri də yox deyil. Son təyinatdan yayınmalar müşahidə olunur. Üçüncü narahatlıq şəffaflıqla bağlıdır. İnformasiya sorğularımıza cavab verilməməsi bizi narahat edir, vətəndaş cəmiyyətinin haqlı sualları cavabsız qalır”.
 
Q.İbadoğlu hesab edir ki, əmlak və qızıl bazarlarında gizli fəaliyyət aparılır və bu barədə cəmiyyətə məlumat verilmir, neft gəlirləri həddən artıq xərcələnib və xərclənmələr zamanı neft gəlirlərinin səviyyəsi, qiymət, israf arasında uyğunluq pozulub: “Buna görə Azərbaycanı sonrakı 3 ildə də iqtisadi zəifləmə gözləyir. Bu gün mənim etdiyim işi neft fondu etməlidir, bu ay fondun 20 yaşı tamam olur. Neft Fondu bu 20 ildə ən azı 20 dəfə nə qədər pul gəlməsi barədə hesabat verməli idi. Bu gəlirlərin gələcək nəsillər üçün necə istifadə olunacağı barədə danışılmalı idi. Biz vətəndaş cəmiyyətinin təmsilçiləri bu fondun fəaliyyətinə işıq salmaq istəyirik, ona görə aparılan tədqiqatların nəticələrini açıqladıq”.
 
Q.İbadoğlu deyir ki, son 3 ildə iqtisadi artım yavaşlayıb, qarşıdakı 3 ildə də yavaşlayacaq.
 
Onun fikrincə, Azərbaycan hökuməti sərmayələri artırmaqla hasilatı sabitləşdirmək istəyir, amma bu problem özünü göstərəcək və bununla bağlı tövsiyələr verəcəklərini bildirir: “Ümumilikdə ölkəyə 160 milyard dollar neft pulu gəlib və bu böyük məbləğin üzərində səlahiyyətli olan fond, əlbəttə ki, hesabat verməlidir”.
Yazıda vurğulanır ki, ötən 20 ilə yaxın dövr ərzində Neft Fondunun gəlirləri 160 milyard dollardan çox olub, bu vəsaitlərin təxminən 2/3 hissəsi büdcəyə transfert olunub və hazırda Fondun rezervləri 45 milyard dollardan artıqdır. Nəzərə alınsa ki, ortamüddətli dövrdə Fondun büdcəyə transfertlərin azaldılması da baş verəcək və bu amil DNF-nin rezervlərinin daha da artmasına səbəb olacaq, qarşıdakı illərdə Fondun gəlirlərinin təxminən yarısını gələcək nəsillər üçün saxlamaq mümkün olacaq.
 

Google+ WhatsApp ok.ru