Fərid Subhanverdiyev: Mən sığınacaq istəməmişəm və müxalifətə keçməmişəm

Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Fərid Subhanverdiyev Turan agentliyinə göndərdiyi müraciətdə KİV-də onun haqqında gedən nəşrlərdən narazılığını bildirib. Xüsusən, o, siyasi sığınacaq istəməsi haqqında məlumatları təkzib edib.
 
“KİV-də gəzən əsassız məlumatlar məni ciddi şəkildə narahat edir. Bəyan edirəm ki, mən müxalifətə keçməmişəm və sığınacaq istəməmişəm. Hazırda Avstraliya Milli Universitetində Diplomatiya üzrə magistr təhsili alıram.
 
2 illik təhsilimi başa vurduqdan sonra bilik və bacarığımı dövlətimizin milli maraqlarının qorunması istiqamətində sərf etməyi planlaşdırıram”, deyə müraciətdə bildirilir. 
 
Xatırladaq ki, qeyri-rəsmi məlumatlara görə, bu diplomat Arif Məmmədovun Azərbaycanda dövlət məmurlarının özbaşınalığı haqqında tənqidi nəşrini “layk etdikdən” sonra səfirlikdəki vəzifəsindən ayrılıb.
 
Həmin səfirlikdə yenə “layk”a görə zərər çəkmiş daha bir diplomat vəzifəsindən qovulan üçüncü katib Anar Həsənov olub. 

Google+ WhatsApp ok.ru