Fermerlərin torpaqları əllərindən alına bilər

Vahid Məhərrəmov: «Hay-küy, ajiotaj yaratmaqla bu sahədə iş gördüklərini demək istəyirlər»

Kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahələrinin istifadə olunmamasına görə sərt tədbirlərin görüləcəyini bəyan edib. Bildirib ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə mülkiyyət hüququ yarandıqdan sonra həmin torpaq sahələrinin ardıcıl iki il müddətində istifadəsiz qalmasına yol verilməməlidir.
 
Heydər Əsədovun sözlərinə görə, nazirlik Torpaq Məcəlləsi və Inzibati Xətalar Məcəlləsində dəyişiklikləri nəzərdə tutan ÿtəkliflərini Nazirlər Kabinetinə təqdim edib. O, bir ildən çox istifadə edilməyən yararlı kənd təsərrüfatı torpaqlarına cərimələrin tətbiqinin nəzərdə tutulduğunu söyləyib: “Cərimələri ödəməyən torpaq sahiblərinin əmlakının müsadirə edilməsi nəzərdə tutulur. Bu, Avropa ölkələrində olan bir qaydadır. Biz də hökumətə bununla bağlı təklif vermişik. Təkliflərimiz qəbul edilərsə, onun tətbiqi həyata keçiriləcək”.
 
Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmov  nazirin son zamanlar mediada bu tipli açıqlamalarla çıxış edib gündəmdə qalmasının kənd təsərrüfatının inkişafında hansısa uğur yaratmayacağını deyir. Ekspertin fikrincə, burada məqsəd tamam fərqlidir: “Bu il ”Kənd təsərrüfatı ili"  elan edilib. Uzun müddətdir ki, dövlət başçısı aqrar sahəylə bağlı çoxsaylı sərəncamlara imza atıb. Bu sahədə kütləvi  söz-söhbət, hay-küy yaratmaqda məqsədləri odur ki, guya kənd təsərrüfatı ilində hansısa iş görülür. Məqsəd aydındır. Kənd təsərrüfatını inkişaf etdirəcək qədər bilik və təcrübə yoxdur. Ona görə də mövzu ətrafında ajiotaj yaratmaqla gündəmdə qalıb, iş görüntüsü yaratmaq istəyirlər".
 
Vahid Məhərrəmov hesab edir ki, ölkədə kənd təsərrüfatına yararlı torpaqların hamısından istifadə olunur: “Yalnız şoranlaşan, şorakətləşən, istifadəyə yararsız, deqradasiyaya uğrayan torpaqlarda kənd təsərrüfatı məhsullarının istehsalıyla məşğul olmaq mümkünsüzdür. O sahədən gəlir götürmək mümkün deyilsə, fermer o işlə məşğul olası deyil. Torpağı kiminsə əlindən alıb kiməsə vermək də səmərə verməyəcək. Məqsəd fermeri şərləyib onun əlindən əkinə yararlı torpağı almaqdırsa, görünür, bunu edəcəklər. Yəni məqsəd müxtəlif yolla fermerin pay torpağını əlindən almaq da ola bilər”.

Google+ WhatsApp ok.ru