P.Monye: `Azərbaycanda turizm bahalıdır`

"Bu məbləğə fransalı turist Portuqaliyaya, Türkiyəyə, Tunisə, Mərakeşə üçulduzlu oteldə qalmaqla bir həftəlik səfər edə bilər"
 
Fransa və Azərbaycan arasında əlaqəlrin genişlənməsinə baxmayaraq, əməkdaşlıq potensialından tam istifadə olunmur. Bu fikir mayın 27-də Fransanın Azərbaycandakı səfiri Paskal Monyenin jurnalistlərlə görüşündə ifadə olunub.
 
Xüsusən, Monye kənd təsərrüfatını belə sahələrdən hesab edir. Lakin Azərbaycan bazarında Fransa pendirləri və ya şərabı hələ zəif təmsil olunub. Gömrük məhdudiyyətlərinin buna nə dərəcədə mane olduğu barədə suala cavabda səfir qeyd edib ki, bu yaxınlarda Asiya İnkişaf Bankının forumunda gömrük prosedurlarının sadələşdirilməsi zərurəti vurğulanıb.
 
Azərbaycanda turizm potensialının yüksək olduğunu qeyd edən səfir bu sahəni ləngidən amilləri qeyd edib. Azərbaycanda turizm mürəkkəb və bahalıdır.
 
Belə ki, yalnız Bakı və Paris arasında aviabiletin dəyəri 500 manat təşkil edir. Bu məbləğə fransalı turist Portuqaliyaya, Türkiyəyə, Tunisə, Mərakeşə üçulduzlu oteldə qalmaqla bir həftəlik səfər edə bilər, deyə Monye qeyd edib.
 
Səfir Azərbaycan vizalarının alınmasının digər bir problem olaraq qaldığını qeyd edib. Prosedur iki-üç həftə davam edir. Azərbaycana gələn və qeydiyyatdan keçməyi unudan turist ölkəni tərk edərkən 300 avro cərimə ödəməli olur. Səfir Azərbaycanın müəyyən müddət üçün Fransa və digər Avropa ölkələri üçün vizanı ləğv etmiş Qazaxıstanın təcrübəsindən istifadə etməsini arzu edib.
 
Fransa səfirliyi öz növbəsində viza verilməsini sadələşdirib. Bu il səfirlik ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə çox viza verib – 1988-ə qarşı 4131. Bu zaman imtinaların sayı da iki dəfə azalıb və cəmi 2,5% təşkil edib

Google+ WhatsApp ok.ru