German Sterliqov Rusiyada Azərbaycana qarşı təxribat xarakterli aksiya planlaşdırır

Rusiyalı iş adamı, politoloq German Sterliqov Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranmış gərginliklə əlaqədar təxribat xarakterli çağırış edib.
Ümumrusiya Azərbaycan Konqresinin Moskva şöbəsinin icraçı direktoru Şamil Tağıyev APA-ya açıqlamasında bildirib ki, ermənipərəst mövqeyi ilə seçilən biznesmen mətbuatda və sosial şəbəkələrdə yaydığı elanda “Azərbaycan-Ermənistan sülh masası” keçirmək niyyətində olduğunu deyib.
 
Öz malikanəsində müzakirələrin təşkil edəcəyini, bunu hər iki tərəfin iştirakı ilə “obyektiv müzakirə” elan edən G. Sterliqov Dağlıq Qarabağı “Artsax” adlandırıb və “Ermənistan tərəfini mən də təmsil edəcəyəm” deyə söyləyib. O, müzakirələrə iki ölkəni təmsil edən diaspor təşkilatlarının və səfirliklərin nümayəndələrini dəvət etdiyini bildirib.
 
Ş. Tağıyev onu da əlavə edib ki, bu, Sterliqovun növbəti təxribatıdır.
 
Qeyd edək ki, Azərbaycan G. Sterliqovu ötən ilin iyulun 28-də İnterpol xətti ilə axtarışa verib. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində “German Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri G. Sterliqov və digərlərinin Azərbaycanın dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçərək Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə gəlmələri və dövlət əleyhinə yönələn açıq çağırışlar etmə əməlləri üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb. İttiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından 28 iyul 2015-ci il tarixdə G. Sterliqov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib. Sonra Rusiya hüquq-mühafizə orqanları ilə əməkdaşlıq sayəsində onun ifadəsi alınıb. Azərbaycanın onun istintaqa təhvil verilməsi tələbinə baxmayaraq, məsələ hələ də açıq qalır.

Google+ WhatsApp ok.ru