Günümüzün sahibkarlıq problemləri

Günümüzün sahibkarlıq problemləri

"Oxu.az"da isə "Deputat: Banklar faizləri endirməlidir" sərlövhəli məqalə diqqəti çəkir.
 
Müəllif ölkədə sahibkarlıq, bank-sahibkar münasibətlərdində mövcud problemlər barədə deputat Rüfət Quliyevlə söhbətləşir.
 
Deputat "Oxu.az"a Vergi Məcəlləsinə edilmiş 107 səhifəlik dəyişkliklərin icrasından çox şey gözlədiyini deyir.
 
İlk növbədə isə deputat bu dəyişkliklərin sahibkarlara artıq rahat işləmək, vergi orqanları, məmurlarla sahibkarlar arasında əlaqənin minimuma endirilməsi şəraiti yaratması gözləntisi olduğunu bildirir.
 
R.Quliyevə görə, sahibkarlarla bağlı ikinci vacib məsələ kredit problemidir.
 
"Bu məsələ əslində birbaşa sahibkarlıqla, sahibkarlarla bağlı deyil, daha çox sahibkarlıq fəaliyyəti adı ilə şəxsi məqsədlər, şəxsi problemlər üçün götürülmüş kreditlərlə bağlı yaranan məsələdir: "Bu gün haradasa 1 milyard 700 milyon manata yaxın ödənməmiş kredit var və sahibkarlar, belə desək daha düzgün olar, kredit götürmüş vətəndaşlar artıq bu kreditləri ödəyə, qaytara bilmirlər. İnsanlarda, vətəndaşlarda pul yoxdur həmin kreditləri ödəməyə. Onlar böyük əziyyət çəkirlər".
 
Deputat hesab edir ki, bank sektoru artıq bir araya gəlməli, bu məsələnin həllini tapmalıdır və bu məsələdə incidilmələrə, yəni borcların əmlaklara, mülklərə yönəldilməsinə, məhkəmə qərarlarının bu istiqamətdə verilməsinə son qoyulmalıdır.
 
R.Quliyev həm də banklarda faizlərin yüksək olmasından narazıdır: "Banklar 25-30 dərəcəlik faizlərini 10-15 faizə endirməlidirlər. Hətta deyərdim ki, 10 faizdən yuxarı olmamalıdır. Çünki mövcud faizlər həddindən artıq yüksək faizlərdir. Həmçinin burada qruplaşdırma aparılmalıdır, məsələn, beş minə qədər olan, beş mindən 10 minə qədər olan, 10 mindən 15 minə qədər olan və sair kreditlər. Banklar artıq bu məsələdə istər sahibkarlarla, istərsə də vətəndaşlarla anlaşmalıdır, faiz dərəcələrini mütləq və kəskin şəkildə azaltmalıdırlar".
 
Deputat vurğulayır ki, elələri var ki, 50 min kredit götürüb, artıq onun faiz borcu gəlib elə 50 minə çatıb, bu isə 100 min manatlıq kredit borcu deməkdir və indiki reallıqda bunu ödəmək mümkün deyi, çünki qaytarmağa pul yoxdur.
 
Ona görə də deputat hesab edir ki, bir araya gələrək həm banklar öz problemlərini həll etmək, həm də vətəndaşların, sahibkarların banklardan asılılığını aradan qaldırmaq üçün addımlar atmalıdır.
 
"Hər halda bir millət vəkili, bir iqtisadçı alim olaraq bu gün sahibkarlıqla bağlı ən mühüm hesab etdiyim məqam məhz bu iki məqamdır", - R.Quliyev əlavə edib.
 

 

Google+ WhatsApp ok.ru