Hakimiyyətdə “ikinci devalvasiya” müzakirələri

Ehtiyatların tükənməsindən narahat olan iqtidardaxili qrup manatı yenidən ucuzlaşdırmağı təklif edir

Hakimiyyət daxilində manatın yenidən devalvasiyası ilə bağlı müzakirələr gedir. Bu barədə redaksiyamıza iqtidardakı mənbə məlumat verib. Mənbə bildirib ki, devalvasiya tərəfdarları Mərkəzi Bankın valyuta ehtiyatlarının qısa müddətdə tükənə biləcəyini əsas gətirirlər. Qeyd edək ki, martın 31-i üçün olan məlumata görə, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 9 milyard 472.1 milyon dollar təşkil edir.
 
Mərkəzin Bankın yaydığı məlumatda deyilir ki, mart ayında valyuta ehtiyatları 1 milyard 532,3 milyon dollar azalıb. Fevralda isə Bankın valyuta ehtiyatları 11 milyard 4.4 milyon dollar olub. Valyuta ehtiyatlarının azalması Mərkəzi Bankın manatın məzənnəsini saxlamaq üçün həyata keçirdiyi valyuta müdaxilələri və ehtiyatların saxlanıldığı bir sıra valyutaların dollar qarşısında dəyərdən düşməsilə bağlıdır.
 
Bir aya təxminən 1 milyard azalmanın olduğunu nəzərə alsaq  parlament seçkilərinə qədər Mərkəzi Bankın ehtiyatları tükənəcək. Hakimiyyətdəki devalvasiya tərəfdarları da bunu əsas gətirərək indidən devalvasiyaya gedilməsini zəruri sayırlar. Lakin devalvasiyanın əleyhdarları hesab edir ki, cəmiyyət “21 fevral şoku”nu hələ unutmayıb. Bunun ardınca növbəti devalvasiya sosial partlayışa səbəb ola bilər. Devalvasiya əleyhdarları hesab edir ki, vəziyyətdən çıxış üçün başqa variantlar düşünülməlidir. Lakin hələ ki, ortada  devalvasiyadan başqa variant yoxdur.(Azadlıq)

Google+ WhatsApp ok.ru